Kateqoriyasız Ölkə futbolu

Millidəki qeyri-müəyyənlik: Kimdi müqəssir ?

Ötən günlərdə U-17 millimizin Ukraynada təlim-məşq toplanışında olduğunu bildirmişdik. Yığma komandamız bir həftə ərzində ukraynalı həmyaşıdları ilə iki yoxlama oyunu keçirərək birində 3:0, digərin də isə 7:0 hesabı ilə darmadağın olub. İki oyuna 10 top buraxaraq biabırçı nəticə göstərən millimizdə baş məşçisi Ramin Quliyev  heyətə “Qəbələ”dən 8, “Neftçi”dən 2, “Keşlə”dən 3, “Qarabağ”, “Sumqayıt”, “Şaxtyor” (Ukrayna), BRÜ-BİRK (Ukrayna), “Vətən”, “Şaxtyor” (Rusiya), “Kəpəz” klublarından isə 1 futbolçu dəvət edib. Maraqlıdır ki, yığma komandamızda çempionatımızda çıxış edən “Səbail”, “Zirə” və “Sabah” klublarından bir nəfər olsun belə oyunçu çağırılmayıb. Hər halda millidə futbolçusu olmayan adını çəkdiyimiz klubların hər birinin U 17 komandalarının olduğunu düşünsək, yığmaya dəvət almamaları olduqca diqqət çəkicidir. Belə çıxır ki, ya bu klublarda U-17-nin yalnız adı var, ya da ortada nəsə qeyri-müəyyənlik.

Məsələyə münasibət bildirmələri üçün “Zirə” və “Sabah” komandalarının U-17 baş məşqçiləri ilə əlaqə saxlayıb, heyətlərində milliyə layiq oyunçu olub-olmadığını soruşduq. Baş məşqçilər heyətlərində istedadlı və yığmaya layiqli oyunçularının olduğunu bildirdilər:

Rəşad Hüseynov (“Zirə” U17 komandasının baş məşqçisi): “Bundan qabaqkı təlimdə bizdən oyunçular dəvət almışdılar. İranla olan matçlarda İlahi Quliyev və Samir Qasımov millinin heyətində idi. Onlarla yanaşı daha 3 futbolçu çağırılıb. Ancaq yoxlanışdan sonra adını çəkdiyim iki futbolçu qalıb, digərləri geri göndərilib. Təəssüflər olsun ki, son bir ayda hər iki futboçu da zədə səbəbindən axırıncı toplanışa dəvət almadılar. Onu deyə bilərəm ki, iki oyunçuda millidə oynamağa layiq futbolçulardır. Düşünmürəm ki, Ramin Quliyev oyunçu seçərkən qərəzli olsun. Məncə, o da çalışır ki, seçib ən layiqli və yaxşı formada olanları dəvət etsin”.

Nəzərinizə çatdıraq ki, sentyabrın 29-su  Bakcell U-17 Liqası start götürüb. Elə ilk turda “Sabah” komandası hazırda yığmanın baş məşqçisi olan Ramin Quliyevin sabiq klubu “Qəbələ”ni meydana çıxmağa peşman edərək 5:0 hesablı qələbə qazanıb. Və maraqlıdır ki, hazırda U-17 millimizin heyətində “Qəbələ”dən 8, “Sabah”dan isə heç bir oyunçu yer almır. Görəsən Ramin Quliyev heyət seçimi edərkən hələ də əyalət təmsilçisinin baş məşqçisi olduğunu düşünərək, ölkədə başqa komandaların da olduğunu unudub ?  Əgər onun güvənib, milliyə dəvət etdiyi futbolçular, bəyənməyib yığmada yer vermədiyi “Sabah”ın oyunçularına darmadağın olursa, ortaya seçimlərdə hər hansı bir qərəzin olduğu ortaya çıxmırmı ? Elə bu səbəbdən paytaxt təmsilçisinin U-17 komandasının baş məşqçisi Namiq Süleymanovla əlaqə saxlayaraq, onun bu barədə fikirlərini öyrəndik. N.Süleymanova milliyə darmadağın etdiyiniz halda “Qəbələ”dən 8, sizdən isə heç bir oyunçunun dəvət edilməməsini və Ramin Quliyev sabiq komandasına qarşı “simpatiya”sı olduğundan seçimlərdə qərəzli olub-olmadığını soruşduq. O, komandalarının yeni yaransa da, istedadlı oyunçuların olduğunu bildirdi:

“Bizim klubda U-17 komandası bu il yaranıb. Ancaq buna baxmayaraq düşünürəm ki, heyətimizdə millidə oynaya biləcək oyunçular var. Düzdür, hər məşqçinin öz sistemi, seçimi var.  Çempionat yeni başlayıb. Yəqin ki, millinin baş məşqçisi gəlib oyunları izləyib və öz seçimini edər. İnanmıram ki, Ramin müəllim qərəzli seçimlər edə. Çünki hər baş məşqçi uğurlu olub, nəticə qazanmaq istəyir. Uğur da təbii ki, yaxşı heyətlə, futbolçularla olur. O da istəyər ki, milliyə layiq oyunçuları dəvət edib, istədiyi nəticəni qazansın. Doğrudur ki, “Qəbələ”ni böyükhesabla məğlub edən komandadan millidə heç kim olmayıb, uduzan komandadan 8 oyunçunun yer alması insanlara haqqlı olaraq təəccüblü gəlir. Onları belə fərqli udmaqla mövsümə çox yaxşı hazırlaşdığımızı göstərdik. Ola bilər ki, indiyə qədər bu futbolçular başqa klublarda gözdən uzaq qalıblar. Ancaq unutmayaq ki, “Qəbələ”nin heyətində də çox güclü oyunçular var. Ancaq dediyim kimi, çempionat yeni başlayıb. Ümid edirəm ki, gəlib, izləyib seçimində müəyyən dəyişikliklər edəcək”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43