İdman

“Millilərin baş məşqçiləri Qurban müəllimin başçılığı altında bir-biri ilə daim təmasda olacaqlar”

Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunmasından sonra aşağı yaş millilərdə
də baş məşqçi dəyişikliyi gözlənilənilirdi. Yeganə qaranlıq qalan məqam Qurban müəllimin hansı
məşqçilərə güvənəcəyi idi. Təyinatdan az sonra bu məqama aydınlıq gəldi. «Köhnə
qvardiya»dan yalnız Vüqar Məmmədə etimad göstərildi. Ötən ilə kimi U-16 yığmasını çalışdıran
V.Məmməd U-19 yığmamıza baş məşqçi təyin olundu. Onun nəzarətində olan 2002-ci il
təvəllüdlü futbolçulara rəhbərlik isə «Qəbələ»nin məşqçisi Ramin Quliyevə tapşılırdı. Artıq, bu
yaşlı futbolçular yeni məşqçinin rəhbərliyi altında U-17 millisi adı altında çıxış edəcəklər.
U-17 Liqasında yaranmış fasilədən istifadə edərək yanvarın 8-dən 21-ə kimi U-17 millimiz yeni
baş məşqçinin rəhbərliy altında Qəbələdə ilk toplanışını keçirdi. Toplanış başa çatdıqdan sonra
Ramin Quliyevlə görüşüb komandanın keçdiyi hazırlıq prosesi, gələcək planlar və digər
məqamlarla bağlı fkirilərini öyrəndik. Ramin müəllim söhbətə toplanışla bağlı məlumat
verməklə başladı:

 – Əslində, toplanış yanvarın 22-də başa çatmalı idi. Lakin həmin gün U-17 Liqasında qış
fasiləsindən sonra ilk turun oyunlarının keçirildiyini nəzərə alaraq, futbolçuları 1 gün tez
buraxdıq. Toplanışda 4-ü qapıçı olmaqla 29 futbolçu iştirak etdi. Ümumilikdə 4 yoxlama oyunu
keçirdik. Onlarından birincisi və sonuncusu ikitərəfli oyun oldu. Digər 2 oyunda isə futbolçuları
«Qəbələ»nin U-19 və U-21 komandaları ilə qarşılaşmalarda sınadıq. Nəticə önəmli deyildi,
məqsədimiz futbolçuların hazırlıq səviyyəsini yoxlamaq idi. Düzü, ikitərəfli ilk oyunda
qarşılaşdığım mənzərə məni narazı saldı. Bu da yəqin ki, futbolçuların psixoloji durumu ilə bağlı
idi. Amma tədricən vəziyyət ürəyimizcə oldu, futbolçuların hər biri haqqında lazım olan
məlumatları toplaya bildik. Ümumi götürəndə toplanışdan razı qaldıq. 

– Toplanışın Qəbələdə keçirilmə səbəbi nə idi? 

– Toplanışı Mərdəkanda keçirməyi planlaşdırırdıq. Lakin digər yaş qrupları üzrə millilərin də
toplanışlarının olduğun nəzərə alaraq belə qərar qəbul etdik. U-18 yığmamız AFFA-nın
Akademiyasının binasında, U-19 millisi ilə Mərdəkanda millinin bazasında qalırdı. Hansısa
mehmanxanada məskunlaşmaq variantı mümkün idi. Amma şəhərdən hər gün 2 dəfə «Dalğa
Arena»ya gedib-qayıdarkən vaxt itkisi ilə üzləşəcəkdik deyə, Qəbələ variantına üstünlük verdik.
Həm də «Qəbələ»nin əsas komandası təlim-məşq toplanışını xaricdə keçdiyi üçün bazadan geniş
istifadə etmək imkanımız vardı. Yeri gəlmişkən, «Qəbələ» rəhbərliyinə toplanış üçün yaratdığı
hər cür şəraitə görə minnətdarlığımızı bildiririk.

 – U-17 Liqasında 11 komanda iştirak edir. Hər komandada orta hesabla 25 futbolçunun olduğunu
nəzərə alsaq, 275 futbolçu edir. Belə çıxır ki, çempionatda oynayan hər 9-10 futbolçudan biri
yığmaya düşür…

 – Doğrudan da, yaxşı hal deyil. Liqalarda komandaların sayı çox olmasını biz də istəyirik.
Təəssüf ki, bunu indi etmək mümkün deyil. Seçim imkanımız geniş olmadığı üçün 2003-cü il
təvəllüdlü futbolçuları da komandaya cəlb edirik. Məsələn, haqqında danışdığımız toplanışda 15
yaşlı 4 futbolçu vardı. Əslində, bunu həm də məqsədyönlü edirik. Çünki bu uşaqlar özlərindən 1
yaş böyüklərlə birgə daha çox «artıra» bilərlər. Bu da gələcəyə hesablanmış addımdı.

 – Yəqin ki, nəzərinizdə tutduğunuz bəzi futbolçuları müxtəlif səbəblərdən toplanışa dəvət edə
bilmədiniz.

 – Toplanışda 29 futbolçunu yoxladıq. Bu, o demək deyil ki, Ramin müəllim sona kimi həmin
futbolçuların xidmətindən yararlanacaq. Müxtəlif səbəblərdən toplanışda iştirak edə bilməyən,
amma milliyə layiq olanlar var. Bəzisi zədəli, bəzisi xəstə olduğu üçün onları yoxlamaq mümkünolmadı. Amma bu, problem deyil. Birincisi, həm liqaların oyunlarını mütəmadi olaraq izləyəcək
və həmin futbolçuların nəyə qadir olduqlarını biləcəyik. İkincisi isə, ilk toplanışda iştirak
etməyən bir neçə futbolçunu növbəti toplanışa çağıracağıq.

 – Növbəti toplanış nə vaxta nəzərdə tutulub?

 – Fevral ayında 24-25 futbolçudan ibarət seleksiya xarakterli toplanış keçirməyi nəzərdə
tutmuşuq. Toplanışın harada keçiriləcəyi və dəqiq vaxtı hələlik məlum deyil. Özü də indiki kimi
uzun deyil, qısa müddətə nəzərdə tutulub. Böyük ehtimalla toplanış çempionatda turlararası baş
tutacaq ki, uşaqlar komandalarının çempionat oyunlarında iştirak edə bilsinlər. Toplanış
çərçivəsində 2 yoxlama oyunu keçirməyi də planlaşdırırıq. Əmin ola bilərsiniz ki, çempionatda
iştirak futbolçuların heç biri diqqətdən kənarda qalmayacaq. Hamısının oyunu izlənəcək və
bacarıqlıları toplanışa çağırılacaq.
Bu da son deyil. Hər ay U-17 millisinin 1-2 beynəlxalq oyun keçirmək fikrimiz var. Məqsəd
komandanı daha yaxşı formalaşdıraraq, futbolçuların beynəlxalq təcrübəsini artıraraq oktyabrda
keçiriləcək Elit-raundda yaxşı nəticə göstərməkdir. Əsas məqsədimiz isə əsas milliyə futbolçu
yetişdirməkdir.

 – Qəbələdəki toplanışda iştirak edən futbolçuları özünüz seçmişdiniz, yoxsa əvvəlki baş məşqçi
Vüqar Məmmədlə məsləhətləşmişdiniz?

 – Əvvəlcə onu deyim ki, bütün yaş qrupları üzrə millilərin baş məşqçiləri Qurban müəllimin
başçılığı altında bir-biri ilə daim təmasda olacaqlar. Başqa sözlə, birgə fəaliyyət göstərəcəyik.
Məndən əvvəl bu yaş qrupuna rəhbərlik edən Vüqar müəllimin fikirləri bizim üçün çox
əhəmiyyətli idi. Onunla bir neçə dəfə görüşüb, çempionat, turnirlər, futbolçular haqqında geniş
məlumat aldıq. Vüqar müəllimin bizə köməyi böyük oldu. Komandaların baş məşqçiləri ilə də
mütəmadi əlaqə saxlayıb futbolçular haqqında məlumatlar toplayırıq. Onların da fikirləri bizim
üçün çox əhəmiyyətlidir. Bundan başqa çempionat oyunlarını izləyəcəyik, bir oyunu belə
buraxmamağa çalışacağıq. Bu da son deyil. Milliyə namizəd futbolçuların hazırlıq səviyyəsini
nəzarətdə saxlamaq üçün bu ildən başlayaraq komandaların məşq prosesində iştirak etməyi də
nəzərdə tutmuşuq. Məsələn, hansısa komandanın 2 tur arasında keçdiyi məşq prosesini izləmək
fikrimiz var.

 – Yeri gəlmişkən, son toplanışda iştirak edən futbolçular arasında «Qəbələ»nin üzvlərinin
çoxluğu diqqət çəkirdi.

 – Bu gün «Qəbələ» U-17 Liqasının lideridir. Həqiqətən o komandada oynayan uşaqların çoxu
istedadlıdır. Amma bu, o demək deyil ki, millinin bazası «Qəbələ»nin üzərində qurulacaq. Bu
toplanışda 12 «Qəbələ»li var idi. Gələcəkdə digər komandaların futbolçuları da düşərgədə
çoxluq təşkil edə bilər. Yəni, milliyə ancaq hansı klubda oynamasından asılı olmayaraq layiq
olan futbolçuları cəlb edəcəyik. 

– Ramin müəllim, sonuncu sualımız – toplanış çərçivəsində kitab oxuyan, dərslərilə məşğul olan
futbolçu ilə rastlaşdınız?

 – Toplanışı çempionatda fasilə yaranmışdı deyə, məcburiyyətdən dərs günlərinə salmışdıq.
Təəssüf ki, 2 həftə ərzində elə futbolçuya rast gəlmədim. Bu uşaqların orta məktəbin 9-10-cu
sinif şakirdgəli olduqlarını nəzərə arsaq, həqiqətən üzücü məqamdı. 

Söhbətləşdi: İlqar TAĞIYEV

 «Het-trik news» qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43