İdman

Millimiz tarix yaza bilər

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabah Farer adaları ilə keçiriləcək oyunu rekordlarla əlamətdar ola bilər. 

İdmanxeber.com-un məlumatına görə, AÇ-2017-nin seçmə mərhələsinin son ev matçında qazanılacaq qələbəylə komandamız iki tarix yazacaq.

 

Birincisi, milli tarixində ilk dəfə seçmə mərhələdə 3 qələbə qazanacaq. Səfərdə Farer adalarını 1:0, evdə Rusiyanı 3:0 hesabı ilə məğlub edən Yaşar Vahabzadənin yetirmələri Bakıdakı növbəti uğurla 3-ə çatacaq.

 

Tarixində 3 dəfə tsikli 2 qələbə ilə başa vuran yığmamız sabahkı qələbə ilə artıq təkrarladığı bu rekordu yeniləmiş olacaq. İndiyədək 2-dən çox qələbəsi olmayan yığmamız istəyinə çatsa xal sayında da tarixi nailiyyəti rəsmiləşdirəcək.

 

Belə ki, hesabında 7 xal olan milli Farer adaları üzərində qalibiyyətlə bu rəqəmi 10-a çatdıracaq. Yığmamızın 22 illik tarixinin rekordu isə 9 xaldı. Komandamız bunu AÇ-2002-nin seçmə mərhələsində gerçəkləşdirib. Son iki tsikli 7 xalla bitirən yığmamız yenə də eyni göstəriciyə malikdi və sabahkı qələbə mütləq rekordu rəsmiləşdirəcək.

 

Qələbə və xal sayındakı rekordlar üçün yığmamıza 1 cavabsız qol da kifayətdi. Millimiz məhsuldarlıq göstərsə, 3-cü rekordu da gerçəkləşdirə bilər.

 

Söhbət qol sayından gedir. Ötən  tsikli 9 topla başa vurub, yeni rekord müəyyənləşdirən yığmamız artıq 7 dəfə fərqlənib. Farer adalarına vurulan 2 qol rekordun təkrarlanması üçün yetərlidi. Mütləq rekorda 3 top lazımdı. Son 3 matçda meydanı qolsuz tərk etməyən, bu görüşlərdə 6 dəfə fərqlənən milli üçün xala həsrət autsayderlə görüşdə bunun öhdəsindən gələ bilər.(apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43