Milli komanda

Millimizin baş məşqçisi: “Hava şəraiti imkanlarımızdan istifadə etməyimizə mane oldu”

“Tanışlıq baxımından qısamüddətli toplanış məni qane etdi. Komanda üzvləri ilə tanış olmağı planlaşdırmışdıq, məqsədimizə çatdığımızı deyə bilərəm. Oyuna gəldikdə, həm hücumda, həm də müdafiədə taktiki baxımdan planlaşdırdıqlarımızı yerinə yetirdik. Təbii ki, bu amil məni sevindirdi. Ancaq bundan daha yaxşı oynaya bilərdik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Antalyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Spartak-2” (Moskva) komandası ilə yoxlama oyunundan (0:0) sonra AFFA-nın saytına deyib.

“Əlverişsiz hava şəraiti imkanlarımızdan istifadə etməyimizə mane oldu. Xüsusilə də birinci hissədə bunu daha çox hiss etdik. Çünki güclü küləyə qarşı da mübarizə apardıq. Uşaqlarda istək böyük idi. Onlar özlərini yaxşı tərəfdən göstərməyə, tapşırıqları daha yaxşı yerinə yetirməyə çalışdılar. Fərdi baxımdan səhvlərə yol verdik. İstənilən halda, bu oyun taktiki baxımdan yaxşı sınaq oldu. Düşərgəmizdə zədəli futbolçuların olduğunu da qeyd edim. Qarşıda görüləcək işlərimiz var”- deyə o bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43