Milli komanda

Millimizin baş məşqçisi: “Əvəzedici komandada oynamaqla inkişaf etmək çətindir”

Türkiyənin Antalya şəhərində Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləyən Azərbaycan U-21 yığmasının baş məqşçisi Yaşar Vahabzadə AFFA-nın rəsmi saytına açıqlama verib:

“Müvafiq oyunların hamısını izləməyə çalışırıq. Təkcə oyunlara yox, məşqlərə də baxırıq. Elə futbolçular var ki, potensiallarından aşağı çıxış edirlər. Bir qismi isə, əksinə, indi daha yaxşıdırlar. Axtarışlarımız davam edir. Fevralın 20-dən 26-dək Antalyada təlim-məşq toplanışında olacağıq. Həmin müddətdə 2 yoxlama oyunu keçirmək istəyirik. Bu istiqamətdə işlər gedir.

Komanda yeni olsa da, artıq 2 dəfə biraraya gəlib. Ötən ilin oktyabrında Almaniyada, noyabrda isə Maltada təlim-məşq toplanışında olduq. Maltada olarkən bu ölkənin U-21-i ilə yoxlama oyunda da gücümüzü sınadıq. U-21-ə mütəmadi dəvət edilən futbolçular yenə komanda ilə birgə olacaqlar. Belə demək mümkünsə, komandanın özəyi var.

Təəssüf ki, U-21-in əksər üzvləri klublarında əsas deyil, əvəzedici komandada çıxış edir. Halbuki onlar əsas komandaya düşməli, ustalıqlarını artırmalıdırlar. Əvəzedici komandada oynamaqla inkişaf etmək çətindir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43