İdman

Millimizin baş məşqçisi: “Qalib gəlməyi daha çox istəməliyik”

Çimərlik futbolu üzrə Azərbaycan komandasının baş məşqçisi Joze Miqel Mateus AFFA-nın rəsmi saytına müsahibə verib.

– Artıq bir neçə gündür Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışındasınız. Hazırlıq prosesi necə gedir?

– Dubaya yeni mövsümün hazırlığı üçün gəlmişik. İnterkontinental
kubokundan əvvəl bir çox milli komanda ilə yoxlama oyunları keçirdik.
Yüksək reytinqə malik Rusiya, Birləşmiş Ərəb Əmirlikləri yığmaları və
BƏƏ-nin “Əl-Əhli” klubu ilə qarşılaşdıq. “Əl-Əhli” dünyada ən güclü
klublardan biri hesab olunur. Dünyanın 3 ən yaxşı futbolçusu –
portuqaliyalılar Macer, Benşot və Cordon məhz bu klubda çıxış edirlər.
Təlim-məşq toplanışının əsas məqsədi də məhz daha çox oyun keçirmək
istəyimizdir. Komandaya yeni futbolçular cəlb olunub. Yoldaşlıq
oyunlarında onların nəyə qadir olduqlarını nəzərdən keçirdim.

 
– Futbolçuların hazırlıq səviyyəsi size qane edirmi?

– Son 9 ayda bu futbolçularla birlikdə hazırlıq keçirik. Dünya və
Avropa reytinqində yaxşı yerdə qərarlaşmışıq. Moskvada Avropa Liqasında
uğurlu çıxış edib Superfinala vəsiqə qazandıq. Superfinalda B divizionda
yer alan komandalarla mübarizədə ilk 3 pillədə yer aldıq. Həmçinin
Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 ( Europen Beach Soccer
Cup – Baku 2014) turnirində iştirak etdik. Nəticə əldə edə bilməsək də,
komandam baxımlı oyun nümayiş etdirdi. Avropa Kuboku – Bakı 2014-də A
divizionda yer alan komandalarla mübarizə aparırdıq. Seçmə mərhələdə isə
28 komanda arasında 13-cü yeri tutduq. Komandamızın üzvü Sabir
Allahquliyev 5 ən məhsuldar futbolçudan biri oldu. Komandanın orta
səviyyəyə çatması üçün 1 pillə qalıb. Daha çox inkişaf etmək, reytinqi
yüksəltmək üçün geniş seçim imkanı olmalıdır.

 
– Gələn il
ilk dəfə təşkil olunacaq Avropa Oyunları ölkəmizdə keçiriləcək. 19
idman növü üzrə təşkil olunacaq Avropa Oyunlarına çimərlik futbolu da
daxildir. Komanda həmin məsul yarışa nə dərəcədə hazırdır?

– Bizim üçün çox böyük bir məsuliyyətdir. Həmin yarışda A
divizionunda yer alan 7 ən güclü komanda ilə mübarizəı aparacağıq.
Bilirik ki, çox çətindir. Hazırda B divizionunda yer alan Azərbaycan
yığma komandası öz inkişaf mərhələsini keçir. Söz veririk ki, yaxşı
mübarizə aparacağıq. Məqsədimiz azarkeşlərə yaxşı, keyfiyyətli oyun
göstərməkdir. Bütün oyunlara qələbə əzmi ilə çıxacağıq.

 
– Hazırda ölkəmizdə çimərik futbolu üzrə çempionat keçirilmir. Bunun üçün nə kimi təklifləriniz var?

– Milli çempionatı səmərəli, effektiv keçirmək üçün layihələrimiz
var. Regionlarda və ali təhsil müəssisələri arasında çempionat təşkil
etməyi düşünürük. Həmçinin planda U-19 və U-21 liqaları keçirmək də var.
Məqsəd odur ki, çimərlik futbolunun daha çox təbliğatını aparaq, yeni
futbolçular cəlb edək. Çimərlik futbolunun inkişafını davam etdirmək
üçün yeni nəsil yetişməlidir. Avropa oyunlarından sonra çimərlik
futboluna olan marağın daha da artacağını düşünürəm. Bunun kütləviliyi
üçün məktəblərdə də müvafiq işlər aparmaq lazımdır. Ümid edirəm ki,
gələn il baxımlı bir milli çempionat keçiriləcək.

 
– Milli komandanın gələcək planları nədən ibarətdir?

– Yeni mövsümün hazırlıq planı üzərində işləyirik. Fikrimiz var ki,
beynəlxalq yarışlarda iştirak edək, yüksək səviyyəli komandalarla
yoxlama oyunları keçirək. Bu cür oyunlar futbolçuların inkişafı üçün
lazımdır.

 
– AFFA baş məşqçinin planlarına müvafiq qaydada kömək edə bilirmi?

– Bəli, AFFA və Çimərlik Futbolu Federasiyası milli komandanın
inkişafı üçün daim bizə dəstək olub. Ötən mövsüm 14 təlim-məşq toplanışı
keçmişik. Nə vaxt təlim-məşq toplanışı təşkil etmək istəsək, müsbət
yanaşıblar, bizə hər cür şərait yaradıblar. Təbii ki, əsas məsələ ölkə
çempionatının təşkili üçün addımların atılmasıdır. Hazırda çimərlik
futbolu üzrə 8 komanda var. Həmin komandaların hər birində 10-12
futbolçu olsa, bizim də daha çox seçim imkanımız olar. Təəssüf ki, həmin
komandalar müntəzəm məşq etmirlər. Bu sayı daha da artırmaq lazımdır.
Artıq hər bir milli komanda bizimlə hesablaşır, hörmətlə yanaşır. Biz öz
oyunumuzla bunu bacarmışıq. Bunun məntiqi nəticəsi kimi, bir çox ölkə
bizi yoldaşlıq görüşü keçirmək üçün dəvət edir. Hazırda millinin
heyətində 18 futbolçu var. İndi daha çox qələbə arzusuyla
alışıb-yanmalıyıq, qalib gəlməyi daha çox istəməliyik.

 

Azərbaycan futbolunun ən yaralı yerlərindən biri son dəqiqələrdə qol
burxmaqdır. Bunu çimərlik futboluna da aid etmək olar. Bu çatışmazlığı
aradan qaldırmaq istiqamətində hansı işlər görülür?

– Bu daha çox əvəllər belə idi. Oyuna daha yaxşı başlayırdıq, ancaq
sonradan sanki “oyundan qopurduq”. Bunun da əsas səbəbi arxayınlıq idi.
Komandanı start fitindən sonuncu dəqiqəyədək hazır vəziyyətə gətirmək
lazımdır. Həm fiziki, həm də psixoloji cəhətdən. Bu istiqamətdə
məşqlərdə uşaqlarla daim söhbət edirəm. Məşqlərdə olan nizam-intizam
oyunlarda da öz əksini tapmalıdır. Biz doğru yoldayıq. Gələn il
keçiriləcək Avropa oyunlarında, qeyd etdiyim kimi, dünyanın 7 ən güclü
komandası iştirak edəcək. Heç bir rəqibdən çəkinmədən layiqli mübarizə
aparacağıq. Güman edirəm ki, Avropa oyunlarından sonra Azərbaycan xalqı
çimərlik futbolunu daha çox sevəcək. Bu, Azərbaycan çimərlik futbolu
üçün böyük bir təbliğat olacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43