İdman

Millimizin baş məşqçisi: “Qələbədə hər kəsin payı var”

“İlk növbədə hər zaman bizimlə olan, dəstək verən AFFA-nın baş katibi Elxan Məmmədova, Futzal Federasiyasının prezidenti Zaur Axundova təşəkkür edirəm. Eyni zamanda məşqçilər heyətinə, komandanın bütün işçilərinə, təkcə bu gün oynayan yox, bütün futzalçılara çox sağ ol demək istəyirəm. Bu qələbədə hər kəsin payı var”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Biro Jade deyib.

AÇ-2018-in seçmə mərhələsinin son oyununda Macarıstanla qarşılaşan millimiz 6:1 hesablı qələbə qazanaraq qitə birinciliyinin finallarında çıxış etməyi təmin edib.

Millimizin baş məşqçisi matçdan sonra verdiyi açıqlamada fikirlərini bildirib. O, asan qələbə qazandıqlarını deyib:

“Oyun haqda danışarkən, qeyd etməliyəm ki, futzalçılarla psixoloji baxımdan mütəmadi söhbət edirdik. Çünki Bosniya və Herseqovina, eləcə də Albaniya ilə matçdan sonra bildirmişdim ki, meydan sahibi olan komandanın üzərində təzyiq olur. Vacib olan o təzyiqdən qurtulmaq və rəqibin səhvlərindən yararlana bilməkdi. Bu gün isə çox diqqətli idik. Düşünürəm ki, bu da böyük fərq yaratdı. Hətta hesabda geri düşdükdən sonra da oyunçularıma sakit olmalarını tapşırdım. Rəqib cəmi bir epizod yaratdı və qol vurdu. Amma oyuna nəzarət bizim tərəfimizdə idi. Əlimizə düşən imkanlardan yararlandıq və asan qələbə qazandıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43