Milli komanda

Millimizin baş məşqçisi: “…Sonadək mübarizə aparacağıq”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məqşçisi Yaşar Vahabzadə Avro-2017-nin seçmə mərhələsində yığmamızın yer aldığı 7-ci qrupdakı rəqiblər və təqvimlə bağlı AFFA-nın rəsmi saytına fikirlərini bildirib:

“Əvvəla, onu deyim ki, heç də asan qrupa düşməmişik. Almaniya və Rusiya yığmaları Avropada sözlərini demiş komandalardır. Avstriya və Finlandiya yığmalarını da hesabdan silmək olmaz. Nə qədər çətin qrupa düşsək də, nəticə əldə etmək üçün sonadək mübarizə aparacağıq. Əlbəttə, əsas məqsəd milli komandaya layiqli oyunçu yetişdirməkdir. Təbii ki, bununla yanaşı, turnir cədvəlində yaxşı nəticə əldə etmək də önəmlidir.

Təqvimə gəlincə, bununla bağlı keçirilən iclasdan əvvəl Finlandiya yığmasının rəhbərliyi təklif irəli sürdü ki, mart və iyul aylarında qrupumuzda oyun olmasın. Çoxluq bu təkliflə razılaşdı. Çalışdıq elə təqvim quraq ki, əsas milli komandanın oyunları ilə bizim qarşılaşmalar arasında müəyyən qədər vaxt olsun. Hesab edirəm ki, normal təqvimdir. Yaxın günlərdə rəqiblər haqda dolğun informasiya toplayacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43