22 Sentyabr 2024
Ölkə futbolu

Millimizin futbolçusu: “Heç bir rəqibdən qorxmuruq”

Azərbaycan millisi UEFA Millətlər Liqası qrup mərhələsi çərçivəsində İsveç və Slovakiya yığmaları ilə qarşılaşacaq.

Görüşlərdən öncə yığmamızın müdafiəçisi Elvin Cəfərquliyev İdmanxeber.az saytına oyunlarla bağlı fikirlərini bölüşüb. O, hər iki görüşün də çətin olacağını bildirib:

“Bilirsiniz ki, milliyə yeni baş məşqçi gəlib. Onun rəhbərliyi ilə ilk dəfə toplanacağıq. İsveç və Slovakiya komandaları güclü kollektivlərdi. Ancaq qarşıdakı oyunlar barədə hələ heç nə deyə bilmərəm. Ümid edirəm ki, azarkeşlərin ürəyincə olan nəticələr qazanacağıq.

İsveç millisini sonuncu dəfə Bakıda 3:0 hesabı ilə məğlub etmişdik. Bu dəfə daha ciddi hazırlanıb gələcəklər. Amma biz də öz oyunumuzu oynamağa çalışacağıq. Heç bir rəqibdən qorxmuruq”.

Xatırladaq ki, millimiz sentyabrın 5-də Bakıda İsveçlə, 8-də isə səfərdə Slovakiya ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43