Ölkə futbolu

“Millliyə yenə əcnəbi məşqçi gətirəcəklər” – Zaur Həşimov

“Zirə”nin əvəzedici komandasının baş məşqçisi Zaur Həşimov İdmanxeber.az saytına müsahibə verib. O, milli komandamızın yoldaşlıq görüşləri və hazırda çalışdığı əvəzedici liqası barədə danışıb.

– Millimizin Albaniya və Qazaxıstan oyunlarını necə şərh edirsiniz?

Yoldaşlıq oyunu olsa da, dünənki matçda qələbə qazanmaq sevindiricidi. Futbolçular çox istəkli görünürdü. Bu iki oyundan xüsusi gözləntim yox idi. Amma bütün oyunçuların şans qazanması yaxşı haldı. Ümid edək ki, qarşıdakı görüşlərdə də yaxşı nəticələrimiz olacaq. 

– Yığmada yerli mütəxəssislə davam edilməlidir?

Bu məsələ illərdi müzakirə olunur. Hər kəs bu barədə dəfələrlə danışıb. Mütəxəssislər, futbol adamları hamısı deyib ki, millidə yerli məşqçi çalışsın. Onun üçün əlavə nəsə demək istəmirəm. Məncə, bu səfər də əcnəbi mütəxəssis gətirəcəklər.

“Zirə”nin əvəzedici heyəti ilə çempionatı 4-cü bitirdiniz. Mövsümü necə dəyərləndirirsiniz?

Əvəzedicilərin son çempionatlarına nəzər salsaq, mövsümü uğurlu hesab etmək olar. 4-cü yer bizim üçün yaxşı nəticədi. Məqsədimiz gənc və perspektivli oyunçuları üzə çıxarmaq, onların inkişafına kömək etməkdi. İstəyirik ki, burada oyun şansı qazanan futbolçular təcrübə toplayaraq, əsas heyətə düşsünlər.

– Əvəzedici liqada Premyer Liqa səviyyəsində neçə futbolçu var?

Əslində bu çempionatda Premyer Liqaya çıxa biləcək oyunçular var. Elə mövsümün son turlarında əvəzedicidə olan bir neçə oyunçunun əsas liqada şans qazandığını gördük. Bizim komandada da belə istedadlı, gələcək vəd edən futbolçular var. Sadəcə, gənc oyunçulara birdən-birə şans vermək risklidi. Hazırda Premyer Liqa səviyyəsi ilə əvəzedici çempionatın arasında uçurum var. Ancaq vaxt keçdikcə, buradakı gənclər oyunlarıyla özlərini sübut etdikcə, bu fərq ortadan qalxacaq.

– Növbəti mövsüm sizi harada görəcəyik? Premyer Liqadan təkliflər olur?

Yenə “Zirə”nin əvəzedici heyətində olacam. Belə konkret təkliflərim yoxdu. Ancaq məşqçi işini bilirsiniz, hər an yenilik ola bilər. Əgər cəlbedici təklif olsa, düşünməyə dəyər.

– I Liqada da baş məşqçi axtarışında olan klublar var. Orada çalışarsınız?

Xeyr. I Liqada işləmək fikrim yoxdu.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43