Müsahibə

Mladen Milinkoviç: “Bu qədər az vaxta komandanı tam hazır etmək çətindir”

“Keşlə” komandasının baş məşqçisi Mladen Milinkoviç İdmanxeber.az saytına müsahibə verib.

-Milli komandaların oyunlarına görə yaranan fasilədə I Divizonun hazırda lideri olan MOİK-ə qarşı fərqli qələbə qazandınız. Oyun barəsində nə deyə bilərsiniz ?

-Bəli, istədik ki, yaranan fasiləni səmərəli keçirək. Çox yaxşı mübarizə apardığımızı deyə bilərəm. Fərqli qalib gəlsək də, oyunda  istifadə edə bilmədiyimiz kifayət qədər imkanlar oldu. Eyni zamanda heyətdə yeni oyunçularımız var.  Bu oyun onları yoxlamaq üçün yaxşı fürsət oldu. Siz də başa düşərsiniz ki, yeni oyunçuları birbaşa Premyer Liqa oyunlarında oynatmaq olmaz.

-Fasilədə hansı işləri gördünüz,  çatışmayan cəhətləri aradan qaldıra bildiniz ?

-Bu fasilədə müəyyən statistik göstəricilərimiz var idi. Onları aradan qaldırmaq üçün çox yaxşı fürsət oldu. Əlavə olaraq taktiki çalışmalarımız da oldu.  İnanıram ki, dövrəyə çox yaxşı start verə biləcəyik

-Heyətə davamlı yeni oyunçular cəlb edirsiniz. Bu da təbii ki, komandanın tam hazır olmasına problem yaradır. Biz hazır “Keşlə”ni nə vaxt görəcəyik ?

-Bizim bəzi mövqeylərdə çatışmayan cəhətlərimiz var idi. Yeni gələn oyunçulara bir oyunda qiymət vermək çox da doğru olmaz. Təbii ki, bu qədər az vaxta komandanı hazır vəziyyətə gətirmək çox çətindir. Ancaq komandada işləmək bunu tələb edir. Ən qısa vaxta, ən yaxşı nəticəni göstərməlisən.

-Hazırda komandada oyun qurucu mövqeyində futbolçu yoxdur. Bunun axtarışındasınız, yoxsa transferi bitirmisiniz ?

-İndiki vəziyyətdə yaxşı, bizim istədiyimiz oyun qurucusu yoxdur.  Yunanıstanlı Giorgios oyun qurucusu mövqeyində çıxış edir. Belə bir vaxtda bu mövqeyə futbolçu tapmaq çətindir. Amma qış transfer dönəmində bu boşluğu aradan qaldırmağa çalışacağıq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43