Ölkə futbolu

MTK-nın baş məşqçisi: “Rəqib tez qol vurdu”

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Qəbələ”yə uduzan (0:2) MTK-nın baş məşqçisi Vasilis Teodoru oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com xəbər verir ki, Teodoru oyunla bağlı bunları deyib:

– “Qəbələ”ni qələbə münasibətilə təbrik edirəm. Rəqib tez qol vurdu və bu qoldan sonra komanda ruhdan düşdü. Biz bura qələbə üçün gəlmişdik. Şansımızın nə qədər olduğunu bilirdik. Ancaq yenə də qələbə üçün oynadıq.

– İkinci qolu buraxdıqdan sonra oyunda dönüş yaradacağınıza inam var idi?
– İlk qoldan sonra ruhdan düşmüşdük, ikinci qoldan sonra ümumiyyətlə oyunumuz alınmadı. İlk oyundakı məğlubiyyət də şansımızı bir xeyli azaltmışdı.

– İkinci hissədə hücuma atılacağınızı gözləyirdik. Ancaq komanda yenə müdafiə futbolu oynadı…
– Qəsdən müdafiə olunmurduq. Sadəcə, bu gün bizdə alınmadı.

– AÇ-2016-da parlaq oyun sərgiləyən Macarıstanı təmsil edən MTK-nın belə oyununu biabırçılıq kimi qəbul etmirsiz ki?
– Biz psixoloji cəhətdən uduzduq. Bunu Macarıstan futbolunun zəifliyilə bağlamaq olmaz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43