Ölkə futbolu

Mübariz Mənsimovdan böyük layihələr: “Viləş” qayıdır

Prezidentin səfəri Mənsimovun Masallıya yolunu açdı.

İş adamı doğulduğu rayona böyük layihələrlə qayıdır.

Əslən Masallıdan olan iş adamı, «Palmali» şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycan iqtisadiyyatına yatırım qoysa da doğulduğu Masallı rayonu bundan həmişə kənarda qalıb.

Təxminən iki il əvvəl Mənsimovun Masallıdakı Anatoli Banişevski adına stadionu aldığı, orada futbol akademiyası açmağa hazırlaşması ilə bağlı məlumat verilmişdi. Amma üstündən iki il keçməsinə baxmayaraq stadionda təmir-tikinti işlərinə başlanılmırdı. Mübariz Mənsimovun stadionda tikinti işlərinə başlamaması ilə bağlı əldə etdiyimiz məlumatı bir müddət əvvəl virtualaz.org-da oxucularla paylaşmışdıq. Həmin yazıda bildirilirdi ki, Mənsimovun qarşısında dayanan əsas maneə keçmiş deputat, hazrda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı işləyən Əhəd Abıyevdir. Abıyev iş adamına hədə-qorxu gələrək bildirmişdi ki, əgər Mənsimov Masallıya yatırım qoysa, qarşısında özünü görəcək. Qeyd edək ki, iş adamı ilə özlərini Masallının sahibi sayan Abıyevlər arasında ciddi konflikt var idi.

Ancaq deyəsən, artıq məsələ həllini tapıb. Virtualaz.org-a daxil olan məlumata görə, sentyabrın 20-dən stadion ərazisində tikinti işlərinə start verilib. Tikinti işlərini «Palmali» şirkətlər qrupuna daxil olan inşaat firması həyata keçirir. Hazırda ağır texnikalar tikinti ərazisinə gətirilir.

 

«Palmali» şirkətlər qrupunun Bakı ofisində çalışan, adının açıqlanmasını istəməyən şəxsin virtualaz.org-a verdiyi məlumata görə, Mübariz Mənsimovun doğma rayonuna qayıdışı təkcə stadion tikintisi ilə məhdudlaşmayacaq. Mənsimov Masallıya böyük layihələrlə qayıdıb. Mənbənin verdiyi məlmuata görə, iş adamı bu təşəbbüsə prezidentin Masallıya son səfərindən sonra qoşulub.

Xatırladaq ki, sentyabrın əvvəlində cənub bölgəsinə səfər çərçivəsində Masallıda olan prezident İlham Əliyev ordan xoş təəssüratla ayrılıb. Səfərdən sonra prezident Masallıda gerçəkləşəcək bir neçə iri layihə üçün 11 milyon manat vəsait də ayırıb.

Mənbə bildirir ki, Mübariz Mənsimov prezidentin fəaliyyətinə dəstək vermək üçün Masallıya yatırım qoymağa qərar verib. Əldə etdiyimiz məlumata görə, Mənsimov doğulub boya-başa çatdığı rayona külli miqdarda investisiya yatıracaq. Müasir standartlara cavab verən 8-10 min yerlik stadionla yanaşı Masallıda futbol akademiyası da fəaliyyət göstərəcək. Bunun üçün stadionun ətrafında yardımçı binalar, otellər tikiləcək, müvafiq infrastruktur yaradılacaq.

Stadionun ətrafında olan 2-3 mərtəbəli, qəzalı vəziyyətdə olan yaşayış binaları söküləcək. Verilən məlumatda bildirilir ki, Mənsimov Masallının gözəgəlimli yerində müasir yaşayış kompleksi də salacaq. Qəzalı vəziyyətdə olan binaların sakinləri həmin yaşayış kompleksinə köçürüləcək.

Bundan əlavə, Mübariz Mənsimov həvəskarlar liqasında çıxış edən «Viləş»ə də himayədarlıq edəcək. Gələn mövsümdən komandanın birinci dəstədə oynaması planlaşdırılır. «Viləş»in heyətində əsasən cənub bölgəsində yetişən futbolçular oynayacaq. Komandanın əsas funksiyası «Xəzər Lənkəran» üçün yerli futbolçular yetişdirmək olacaq.

Mənbə onu da bildirdi ki, Mübariz Mənsimov işin gedişi ilə yerindəcə tanış olmaq üçün yaxın vaxtlarda Masallıya gələcək və tikinti ərazilərinə baxış keçirəcək.
 

Virtualaz.org


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43