Kateqoriyasız

“Müraciətimizə cavab olaraq bildirdilər ki…” – Asif Əsgərov

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Sivasspor”la ev oyununu neytral meydanda deyil, Bakıda keçirmək üçün UEFA-ya müraciət edib.

Bunu klubun baş meneceri Asif Əsgərov deyib.

Onun sözlərinə görə, bununla bağlı UEFA-dan qarşıdakı günlərdə dəqiq məlumat veriləcək: “Dünən UEFA ilə əlaqə saxladıq. Rəsmi müraciətimizə cavab olaraq bildirdilər ki, sülh sazişindən sonra vəziyyəti diqqətlə izləyirlər. Yəqin ki, qarşıdakı günlərdə daha dəqiq məlumat veriləcək. Bu cür qərarlar UEFA İcraiyyə Komitəsinin iclasında verilir.

Komitə əvvəlcədən müəyyən edilmiş tarixlərdə toplaşır. Biz gərək əvvəlcə iclasın keçirilməsinə nail olaq. Buna görə də qarşı tərəfə tutarlı faktlarla müraciət etmək lazımdır. Hazırda ölkəmizdə hərbi vəziyyət rejimi davam edir. Bütün suallara aydınlıq gələndən sonra ev oyunu ilə bağlı da yekun qərar qəbul olunacaq”.

UEFA-nın qərarına əsasən, Azərbaycandakı hərbi vəziyyətlə bağlı “Qarabağ”  qrup mərhələsinin II turunun “Vilyarreal”la ev oyununu (1:3) İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçirib. Ağdam klubunun növbəti ev oyunu noyabrın 26-da “Sivasspor”la olacaq. (Qol.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43