16 Sentyabr 2024
Ölkə futbolu

Musayevə tərif, rəhbərliyə təzyiq?

Murad Musayevin gedişi “Sabah”ın cari mövsümki çıxışı kimi gözlənilməzdir. Ötən mövsüm rusiyalı mütəxəssislə uğurlu performans sərgiləyən “bayquşlar” bu il gözləntilərin altında qaldı.

Bu cür enişlər dünyanın bütün klublarında müşahidə olunan haldır. Futbolla maraqlanan hər kəs ilk uğursuzluqda baş məşqçi ilə yolların ayrıldığını çox yaxşı bilir. Üstəlik, bu prosses yalnız Azərbaycanda yox, hər yerdə belədir.

Məsələn, 97 illik böyük tarixə sahib olan “Roma” klubu tarixində ilk dəfə Avropada kubok qazandı. “Canavarlar” Mourinyonun başçılığı altında 2021-22 mövsümündə Konfrans Liqasının qalibi oldu. Növbəti mövsüm isə komanda bir pillə də irəli gedərək Avropa Liqasının finalın yüksəldi.

Milyonlarla büdcəsi, 100 ilə yaxın tarixi olan klubda ard-arda belə böyük uğur qazanmış bir mütəxəssislə cari mövsümün ortasında yollar ayrıldı. Niyə? Çünki “Roma”nın oyunu bəyənilmədi. Vəssalam! Mourinyo belə olsan, göndərilirsən!

Murad Musayev kimi mütəxəssislərin Azərbaycan futbolunda olması yaxşı haldır. Gedişi bütün ictimaiyyəti, futbolsevərləri məyus edir. Ancaq hər məsələdə olduğu kimi problemi meydandan kənara çıxarmaq futbolumuzda adət halını alıb. 

Musayevi ölkə futboluna gətirən, həmişə dəstək olan, onunla ötən mövsüm ciddi uğurlar qazanan rəhbərliyə yüklənmək anlaşılmazdır. Qəlizləşdirmək, dayaz arqumentlərlə “dərin”ə enmək, dəxlisiz ab-hava yaratmaq işə yarasa da, təsiri ciddi olmur. 

Necə ki, mütəxəssisin Rusiya mətbuatına rəhbərliklə bağlı açıqlaması bu gün sakitləşdirici ab-havası yaratdı:

“Mətbuatda deyirlər ki, rəhbərliklə münaqişəm var? Klub rəhbərliyi ilə əla münasibətim olub. Hətta ideal olduğunu demək olar. Klubda keçirdiyim hər gün onların dəstəyini hiss edirdim. “Sabah”a qoşulmazdan əvvəl mənə verilən bütün vədlər yerinə yetirildi: klubun inkişafı, maliyyə öhdəlikləri, hər şey. “Sabah”ın rəhbərliyi haqqında uzun müddət danışa bilərəm, bunlar yalnız müsbət sözlər olacaq”.

Kifayət qədər aydınladıcı açıqlamadır. Rəhbərliklə problem yaşayan bir əcnəbi mütəxəssis heç vaxt bunu gizlətməz. Hər şeyi danışar, özünə haqq qazandırar. Musayev də elə hər şeyi açıq danışıb. Rəhbərliklə heç bir probleminin olmadığını bildirib. Onu Azərbaycan futboluna gətirən, burada sevilməsinə səbəb olan rəhbərliyə xəyanət etməyib. Xarakter göstərərərək uğursuzluğu üzərinə götürüb. 

Azərbaycan futbolu Murad Musayev kimi bir mütəxəssislə tanış olduğu üçün şaddır. Onu ölkə futboluna gətirən rəhbərliyə yüklənmək müvəqqəti gedişdir. Qısa vaxt sonra təsirdən düşəcək. 

Tunar


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43