19 Sentyabr 2024
Ölkə futbolu

“Mutunun getməsinə sevinmirəm” – “Neftçi”nin futbolçusu

“Neftçi”nin müdafiəçisi Azər Salahlı İdmanxeber.az saytına müshaibə verib. O, baş məşqçi Adrian Mutunun gedişindən və komandanın ilk dövrədəki çıxışından danışıb:

– İlk dövrə geridə qaldı. “Nefçti”nin hazırkı durumunu necə şərh edirsən?

Mövsümün yarısı bitdi. Fasiləyə ilk “3-lüy”də yollana bildik. Əlbəttə, daha yuxarı pillələrdə bitirmək istəyərdik. Ancaq olmadı. Təəssüf ki, belə alındı. Fasilədən yaxşı yararlanmalıyıq. Mövsümün ikinci yarısında fərqli olmağa çalışacağıq. 

– Komandanın heyət səviyyəsi çox müzakirə olunur…

“Neftçi”də rəqabət çox vacibdir. Heyətdə həmişə yeni futbolçulara ehtiyac olur. Komanda daim güclənməyə məcburdur. Əgər yüksək hədəflər uğrunda mübarizə aparırıqsa, həmişə transferə ehtiyac var. İlk dövrə yeni bitib. Dincəlib, hazırlıqlara başlayacağıq. Artıq komandada yeni baş məşçqi var. Bundan sonra onun rəhbərliyi ilə əlimizdən gələni etməyə çalışacağıq.

– Mövsüm əvvələrində ehtiyatda qalsan da, sonradan oynamağa başladın. Sanki sabiq baş məşqçi Adrian Mutu ilə problem yaşayırdın. Onun gedişinə sevindin?

Çempionatın əvvəlində ehtiyatda qalırdım. Mutu mənimlə söhbəti zamanı məni sol cinahda düşünmədiyini bildirdi. Məşqlərdə daha çox mərkəz müdafiəçisi kimi çıxış edirdim. Heç nə demirdim, bu mövqedə daha yaxşı olmağa çalışırdım. Yeni mövqeyə uyğunlaşmaq üçün vaxt lazım idi. Ancaq zaman keçdikcə oynamağa başladım. Son “Kəpəz” görüşündə yenidən öz mövqeyimə qayıtdım. Yaxşı çıxış etdim, qol da vurdum. Həmişə özümü güvənirəm. Heç bir futbolçudan zəif deyiləm. Rəqabət aparmağı sevirəm. Bu, mənim üstünlüyümdür. Məşq etməklə, çalışmaqla hər şeyi əldə etmək olar. Mutunun gedişinə isə sevinmirəm. Çünki o da komanda üçün çalışırdı. Ancaq alınmadı. Ona karyerasında uğurlar arzulayıram.

– Azarkeşlər “Nefçti”nin çıxışından çox narazıdır. Onlara nə deyə bilərsən?

Onlar daim haqlıdırlar. Azarkeşlər həmişə “Neftçi”dən maksimum nəticə gözləyir. Narazı olmaqları normaldı. Çünki komandadan yaxşı nəticələr, daha yüksək pillələrdə olmağı istəyirlər. Biz də bunun üçün çalışırıq. Fasilədən sonra fərqli komanda olmağı düşünürük. Bizə inansınlar, dəstək olmağa davam etsinlər. Ümid edirəm ki, onları sevindirə biləcəyik.

– “Neftçi”dən ayrılacağın deyilir. Komandada qalacan?

Klubumla yaya qədər müqaviləm var. Bütün fikrim “Neftçi”dədir. Bir az istirahət edib, çalışmalara başlayacağıq. Komanda üçün daha faydalı olmaq istəyirəm.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43