“Gül kimi azərbaycanlı məşqçi vardı – Qurban Qurbanov. “Qarabağ”ı Avropa liqalarına çıxarır, oynadır. Bəs nə oldu, Azərbaycan millisində 6 ay səbr edə bilmədilər”.
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa millimizin Slovakiya qarşısındakı məğlubiyyətinə münasibət bildirərkən deyib.
O, Azərbaycan futbolunun inkişafsızlığını ölkədə özəl sektorun olmaması ilə əlaqələndirib: “Əslində idmana, futbola bu qədər pul ayrılması məsələsi müəyyən qədər düz deyil. Çünki futbolun, idmanın özü pul qazanmalıdır. İdmana pul ayırmaq işi özəl sektorun üzərinə qoyulmalıdır. Bizdə özəl sektor olmadığına, insanlar bu sahəyə yatırım qoymadığına görə futbol da inkişaf etmir”.
Millət vəkili binaların həyətlərində və bəzi məktəblərdə meydançaların olmamasının da futbola ciddi təsir göstərdiyini bildirib: “Burada söhbət təkcə futboldan getmir. Hamının diqqəti futbol üzərində cəmlənib. Söhbət ondan gedir ki, yeni və plansız tikilən binaların heç birinin həyətində uşaqların futbol oynaya biləcəyi meydança yoxdur. Buradan uşaq necə yetişə bilər? Heç bir məktəbin üzgüçülük hovuzu yoxdur, nə də ki pulsuz fəaliyyət göstərən üzgüçülük hovuzları. Məktəblərdə standart meydançalar yoxdur. Axı, bütün bunların təməli məktəbdən başlayır”.
Fazil Mustafa ölkədə sadəcə, futbolun deyil, bir çox olimpiya səviyyəli idman növünün də xeyli geridə qaldığını deyib: “Digər tərəfdən ölkədə guya həndbol var, basketbol var? Bunlar yoxdursa, bu o deməkdir ki, ölkədə bu sahədə sistemli bir planlaşdırma işi mövcud deyil. Ona görə də birinci iş sferasını gücləndirmək lazımdır ki, onlar futbola yatırım etsinlər. Çünki futbol təkcə idman deyil, həm də biznesdir. Biznes mühiti olmadığına görə futbol da inkişaf etmir. Nə birinci liqada, nə də ki divizionda. Burada da keyfiyyətli futbolçu olmadığına görə hardan adam tapıb oynadacaqlar? Braziliyadan 20 nəfər gətirib milliləşdirməyəcəklər ki. Xarici məşqçi məsələsi də düşündürücüdür. Gül kimi azərbaycanlı məşqçi vardı – Qurban Qurbanov. Qarabağı Avropa liqalarına çıxarır, oynadır. Bəs nə oldu, Azərbaycan millisində 6 ay səbr edə bilmədilər”.
Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Bakıda Slovakiya millisinə 1:5 hesabı ilə məğlub olub. Bu nəticədən sonra Slovakiya xallarının sayını 6-a çatdırıb. Azərbaycanın isə 3 oyundan sonra xalı var (yeniavaz.com).