Kateqoriyasız

Nə istəyirik, nə olur…

“Pis günlər geridə qaldı, indi bizi daha da pis günlər gözləyir”. Ölkədə baş verən hər neqativ durumdan sonra sosial şəbəkələr bu və buna bənzər ifadələr ilə bəzənir. Əslində futboldakı auramızı bundan daha yaxşı ifadə edən bir cümlə yoxdu. Məlum məsəl indi də gündəmdi.

Ötən gün Cüdo Federasiyasındakı vəzifəsindən gedən, illərdi AFFA-nın prezidenti olan Rövnəq Abdullayev artıq futbolla daha çox maraqlanacağını açıqlayıb. Gəldiyimiz vəziyyətin qəribəliyinə bax. Guya Rövnəq bəy futbolla maraqlanıb böyük işlər görəcəkmiş kimi həvəsə gəlib. Əvvəlcədən şablon səslənsə də deyim ki, Azərbaycanda futbolun düzəlməsi çətin məsələdir. Hazırda ölkə futbolunun ayağa qalxması federasiya rəhbərliyi dəyişikliyi ilə olan iş deyil. Əgər şəxslərin getməsi ilə daha gözəl şeylərə ümid edirsinizsə yanılırsız. Ölkədə futbolun olmağını, leqallaşmasını istəyiriksə, daha ciddi çıxışlar etməliyik.

Futbolumuzdakı yaralar bir binaya sığacaq qədər kiçik deyil. Çünki durum illərdir buraxılıb gedən evə bənzəyir. Yır-yığışsız, natəmiz və xaraba… Ölkə futbolu düzgün idarə edilməməkdən yox, ümumiyyətlə, idarəçilik olmamasından bu vəziyyətə düşüb. Yəni, evin vəziyyəti təmirlə deyil, ancaq yenidən inşa etməklə düzələ bilər. Kosmetik dəyişikliklər günü günə satmaqdan da başqa bir şey deyil. Sırf dəyişikliyin olmasını istəmək və bunun faydalı olacağını düşünmək isə absurddur. Bunu ölkədəki digər qurumlardakı rəhbər dəyişikliyindən görə bilərik. Gələnlərin gedənlərə rəhmət oxutduğuna da az rast gəlməmişik. Bəli, dəyişiklik istəyirik. Ancaq şəxslərin yox, ölkəyə/futbola olan yanaşmanın dəyişməsini diləyirik.

Ölkə futbolunda təməlsizlik ciddi problemdir. İlk öncə bu təməl atılmalıdır. Klubların içindən çıxılmalı, onların müstəqil fəaliyyət göstərmələrinə yardım edilməlidir. Rəhbərlik işlər pis gedən kimi “Kəpəz”lə “Turan Tovuz”u gətiririk” hay-küyündən, biz isə həmən “ağılları başlarına gəlir” düşüncəsindən vaz keçməliyik. Çünki bu çempionata iki komanda daxil olmaqla heç nə həll olmur.

Mövcud problemin həlli yolunda yeni istiqamətlər seçilməli, konkret planlar cızılmalıdı. Uçurumda olan futbolumuzu “Səbail”dənsə, “Keşlə”dənsə bölgə klubları olsun” deməklə də qurtara bilmərik. İstər “Kəpəz”in, istərsə də “Turan Tovuz”un PL-ə qayıtması bölgədə futbol var görüntüsü yarada bilər. Lakin bunun da bir əmması var… O əmma ki, gedənlərin yerinə gələcək olacaq bölgə klubları da onlar kimi idarə olunacaq. AFFA öz şərtləri/tələbləri əsasında bu klublara “okey” verir. Və belə olan halda da kənarda qalmaqları ilə gəlməkləri arasında heç bir fərq yoxdur.

Qısacası, bizim nə istədiyimizin önəmi yoxdu, onlar nəyi istəyir odu maraqlıdı. Amerikalı yazıçı Deyl Karnegi deyir ki, “şəxsən mən qaymaqlı çiyələyi sevirəm, balıq isə soxulcanı. Buna görə də balığa gedəndə nəyi sevdiyim haqda yox, balığın nə sevdiyi haqda düşünürəm”.  Ölkə futbolunun həlli yolu haqda yox, oradan gələcək mənfəət haqda düşünən beyinlərlə çıxış yolu olmadı, olmur, heç olana da oxşamır.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43