Kateqoriyasız

“Nə qədər hazır olduğumuzu rəsmi oyunlar göstərəcək” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Antalyada Polşanın “Qurnik” klubu ilə yoxlama oyunundan (2:2) sonra jurnalistlırin suallarını cavablandırıb.

O, brifinqdə öncə matç barədə fikirlərini bildirib:

– Maksimum çalışırdıq ki, sürətli oyun getsin. Oyunumuzun keyfiyyətini artırmaq istəyiriksə, sürət şərtdi. Antalyaya gələndə qarşımıza qoyduğumuz tapşırıqlardan biri bu idi. Futbolçular özlərini yaxşı tərəfdən göstərdilər, hərəkətli, dinamik idilər. Oyun gözləniləndən də yaxşı alındı. İkinci matçımız idi. Mümkün deyil ki, komanda, futbolçular ideal formada olsun. Əllərindən gələni etdilər ki, planlaşdırdıqlarımızı meydanda yerinə yetirsinlər.

– Yanvarın 5-dən Antalyadasız. Hazırlıq necə gedir?
– Hər şey plan üzrədi. 20 günlük təlim-məşq toplanışıdı. Amma bu, böyük vaxt deyil. İmkan daxilində bu müddətdən səmərəli istifadə etmək istəyirik. Daha bir yoxlama oyunumuz qalıb. İndi futbolçular yorğundu. Qarşıda iki gün yükləmələri azaldacağıq. Son oyundan sonra vəziyyəti qiymətləndirmək imkanımız olacaq. Ümumən, pis deyil. Yeganə məyus edən məqam odu ki, seleksiyamız istənilən səviyyədə getmir. Heyətimizi gücləndirmək istəyirik. Ancaq bəzi danışıqlar uğursuz alındı. Hələ də heyətimizə oyunçu cəlb edə bilməmişik. Gözləyirik. Ola bilsin, yaxın günlərdə xəbər olacaq.

– Hansı mövqeləri gücləndirmək istəyirsiz?
– 3-4 futbolçu götürməyi planlaşdırırıq. Keyfiyyət baxımından problem yoxdu, amma heyətimiz kasaddı. Gəncləri çıxsaq, Premyer Liqa təcrübəsinə malik 11-22 futbolçumuz var. Hər hansı zədə olsa, ciddi problemlə üzləşəcəyik. Məni narahat edən budu.

– Yeni futbolçuların gec qoşulması problem yaratmayacaq?
– Təki qoşulsunlar, görək ki, kimsə gəlib heyətimizə qoşuldu. Ondan sonra adaptasiya, forma yığmaq üçün vaxt olacaq. Təbii ki, hər bir məşqçi təlim-məşq toplanışının əvvəlindən bütün heyətin əlinin altında olmasını istəyər. Olmadı. Heç olmasa, 2-3 istədiyimiz oyunçunu transfer etsək, yaxşı olardı.

– Komanda mövsümün ikinci yarısına nə qədər hazırdı?
– Bunu qiymətləndirmək çox çətindi. Rəqiblərimiz də hazırlaşır. İkinci dövrə adətən daha çətin keçir. Nə qədər hazır olduğumuzu rəsmi oyunlar göstərəcək.

– Bu gün bir neçə gənc futbolçuya şans verdiz. Bu, yeni transfer alınmayacağı halda vəziyyətə hazır olmaq üçün idi?
– Onlar hər bir halda bizimlədilər. Özlərini yaxşı tərəfdən göstərsələr, şans alacaqlar. Mən gənclərə şans verməyi xoşlayan məşqçiyəm. Özlərindən çox şey asılıdı.

Futbolpress.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43