20 Sentyabr 2024
Ölkə futbolu

Nəticəsizliyin təzyiqi

Oyunun böyük bir hissəsi “Qəbələ”nin nəzarətində keçir, komanda cinahlardan hücum qurur, mərkəzdə rəqibini durdurur, 45 dəqiqə dayanmadan təzyiq edir. Hətta matçın ilk yarısında “Sumqayıt”ın bir-iki təhlükəli əks-hücumu görünsə də, “qırmızı-qaralar” oyun planından vaz keçmir. 

Əslində “Sumqayıt” Qəbələyə bir xal üçün gəlməmişdi. Sadəcə, ev sahibi komandanın daha istəkli olması rəqibi geriyə çəkilməyə məcbur edir. Bəs bu qədər təzyiq, oyunu kontrolda tutmaq niyə nəticəyə təsir etmir?

Əslində Elmar Baxşıyevin komandası hücum futbolu oynaya biləcək bütün xüsusiyyətləri göstərir. Rəqib qapısını təhlükəli gəlməyi, təzyiq yaratmağı çox yaxşı bacarır. Ancaq komanda futbol dili ilə desək, topun qədrini bilmir və ya səviyyə çatışmazlığı hiss olunur. Böyük ehtimal əsas problem ikinci variantdır.

Rəqib cərimə meydançasına qədər sürətlə irəliləyən “Qəbələ”lilər son nöqtədə qərarsızlıq yaşayır. Bəzən ötürmə və zərbələrin belə yerləri dəyişik düşür. Bu ya tələskənlikdir, ya da həyəcandır. Çünki nəticəsizlik özü ciddi təzyiq və gərginlik yaradır.

Amma məsələ tək bu da deyil. Komandanın irəli xəttdə yaradıcı oyunçuya ehtiyacı var. Bəzən müdafiəni yaran açar ötürmələr çox şeyi dəyişir ki, “Qəbələ”də bu, ciddi problemdir. Dinamik, hərəkətli oyunlarda belə ötürmələrin olmaması komandanın bütün enerjisini hədər edir.

Hərdən Emil Səfərov oyunu üzərinə götürüb cinahlara yaxşı uzun ötürmələr etsə də, bunları qəbul edəcək ya da məhsuldarlığa çevirəcək cinah futbolçuları yoxdur. Ümumiyyətlə, Səfərov həm dağıdıcı, həm də oyun qurucu kimi oynamağı bacaran yeganə futbolçulardan ola bilər. Ancaq heyətin kasad olması onun irəlidə daha çox qalmasına mane olur.

Tapşırıq “8 nömrə” kimi qalmaq və rəqibin hücumlarını qarşılamaqdır. İrəliyə çıxmasına icazə verilsə, nəticəyə təsir edəcək ötürmələri də ola bilər. O zaman isə müdafiədə problem yaranır ki, Baxşıyev bu səbəbdən ehtiyat edir. Amma bəzən yoxamaq, faydalanmaq olar.

İstənilən halda “Qəbələ” məğlub olmağa layiq oyun sərgiləmədi. İkinci yarının ilk oyunu əyalət təmsilçisi üçün məğlubiyyətlə bitsə də, durum faciəvi görünmür. Məsələn, Azər Məmmədovun “Kəpəz”inin uduzmalarına bənzəmir. Komanda ölü ruhuyla təslim olmayıb.

Elə görüşdən öncə oyunun nəticəsindən daha çox, “Qəbələ”nin performansı maraq doğururdu. Bu heyətə yeni transfer Klesio Baukun qoşulacağı və daha bir oyunçunun gələcəyini düşünsək, komandanın vəziyyətdən çıxacağını demək olar. Elmar Baxşıyevin yetirmələri zəif oynamır. Sadəcə, çatışmayan detallar bəzən adamı yorur. O çatışmazlığın nə olduğunu tapmaq bəzən həll etməkdən daha çətindir.

“Qarabağ” xaric fasilədən sonra meydana çıxan heç bir komanda belə hazır, dominant futbol sərgiləməyib. Bütün fikri hücum olan, rəqib qapısına sürətli gəlməyi düşünən və bunu həyata keçirən bir klubun sonuncu yerdə olması ilə barışmaq çətindir.

Azarkeşlərin haqlı narazılıqları var. Çünki tərəfli-tərəfsiz heç kim “qırmızı-qaralar”ı bu mövqedə görməyə dözmür. Amma bəzi addımlar üçün hələ çox tezdir. Yanvar ayında çempionatın üst sırasına aydınlıq gəlməsinə aldanmaq olmaz. Aşağılarda hələ çox yer dəyişmələr olacaq. İsrarla Baxşıyevin bu komandanı toparlayacağına inanıram.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43