Milli komanda

Nazim Süleymanov: “Bizə kömək lazım deyil”

“Hesabı açsaq da, meydanı məğlub tərk etməyimiz bizi məyus etdi. Komandamız oyun planında yaxşı təsir bağışladı. Xüsusilə də hücum xəttindən razı qaldım. Müdafiədə əsasən də standart vəziyyətlər zamanı xırda səhvlərə yol verdik, boşluqlar yaratdıq, rəqib futbolçuya yaxın oynamadıq, nəticədə ikinci topu buraxdıq. Bu oyunda rəqibin qapıçısı da çox yaxşı çıxış etdi".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Nazim Süleymanov deyib.

Təcrübəli mütəxəssis narazı qaldıqları məqama da toxunub:

"Fərid Nəbiyev qapıçı ilə təkbətək qalmışdı. Futbolçumuz ondan sıyrılmaq istəyərkən, rəqib qapıçı cərimə meydançasının kənarında Fəridi yıxdı. Hakim də haqlı olaraq qırmızı vərəqə göstərdi. Ümumi götürdükdə, bizim qol epizodlarımız daha çox oldu. İstifadə edə bilsəydik, lap yaxşı olardı.

Təbii, birinci oyundan sonra Makedoniya Futbol Fereasiyasının rəsmilərinə narazılığımızı bildirdik. Çünki biz bura təlim-məşq toplanışına gəlmişik. Bu, yoldaşlıq oyunudu. Biz də istərdik ki, Makedoniya və Azərbaycan arasında hər zaman dostluq əlaqələri olsun. Hər zaman bu dostluq qələbə qazansın. Bugünkü oyundan sonra AFFA rəsmisi Zaur Hacı-Məhərrəmovla birgə həm hakimlərə, həm də federasiya əməkdaşlarına fikirlərimi çatdırdım. Bizə kömək etmək lazım deyil. Əsas məsələ gənc oyunçuların təcrübə toplaması, xarakterlərini formalaşdırması və püxtələşdirməsidi".

Süleymanov daha sonra sözlərinə belə davam edib:

İlk növbədə yerli futbolçuların düşüncə tərzini qeyd edərdim. Xüsusilə də ikinci hissədə əvəzetmə həyata keçirdikdən sonra meydana çıxan futbolçunun komandaya kömək edə bilməməsi, gücləndirməməsi baş məşqçi kimi məni narahat edir. Hər bir futbolçu ilk “11-lik”də meydana çıxmaq istəyir. Ancaq bunun üçün çalışmaq lazımdı. “11-lik”də yer ala bilmirsənsə, ona veriləcək şansı gözləməlidi. Meydanda 10 və ya 15, bəlkə də 60 dəqiqə mübarizə aparacaq, bunun heç bir fərqi yoxdu, əsas olan oyunun tempini tutmaq, iş əmsalını yüksəltmək, faydalı olmaqdı. Futbolçulara bunu aşılamalıyıq. Hamı eyni qaydada hazırlaşmalıdı.

İyunun 8-də və 10-da Bakıda iki beynəlxalq yoldaşlıq oyunu keçirəcəyik. Belarusun U-19 yığması ilə hər iki oyuna Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu dəfə də toplanışa dəvət etdiyimiz futbolçuların hamısına şans verməyə çalışacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43