“Yaxşı oyun oldu, temp var idi. Penalti epizodunda bir az şanssızlıq oldu. Hesabı qoruyub saxladıq, 3 xal qazandıq. Bu, bizim üçün hazırda çox vacibdir”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 36-ı turunda bu gün “Sabah”a qalib gəldikləri (1:0) oyundan sonra mətbuat konfransında deyib.
“Neftçi” kuboku qazana bilməsə, vəzifənizdə qalacaqsınız” sualı Regekampfı özündən çıxarıb: “Zəhmət olmasa, bir az hörmətlə sual verin. Necə belə bir sual verə bilərsiniz? Çox axmaq sualdır. Bu, mənə qarşı hörmətsizlikdir”.
Regekampf “Sabah”a uduzduqları əvvəlki 3 oyun haqda fikirləşmək istəmədiyini qeyd edib: “Əvvəlki matçlarda nələrin çatışmadığını xatırlamaq istəmirəm. Tam olaraq bu oyuna köklənmişdim. Bu qarşılaşmadan sonra kuboku fikirləşməyə çalışacağam. Çox dərinliyə gedib “Sabah”la matçlarımızı təhlil etmək istəmirəm. Sevindirici haldır ki, bu gün qələbə qazanan tərəf biz olduq”.
“Neftçi”nin çalışdırıcısı “Qəbələ”nin final matçından əvvəl Konfrans Liqasına vəsiqəni təmin etməsinin oyuna təsir etməyəcəyini düşünür: “Bu, final görüşüdür. Hər komanda üçün titul vacibdir. Final elədir ki, heç kim oyundan əvvəl qalib olmur. Hər komandanın şansı 50/50-dir. Biriləm ki, hər iki komanda kuboku qazanmaq üçün sona kimi mübarizə aparacaq. Məncə, bu cür matçlarda hansı kollektiv yaxşı köklənsə, yaxşı hazırlaşsa, kuboku qazanmaq üçün onun üstünlüyü olacaq. Bəxtimizdən final oyunu doğma stadionumuzda keçiriləcək. Tribunaların dolu olacağını gözləyirik. Azarkeşlərimizin dəstəyi ilə qələbə qazanıb titula yiələnmək istəyirik”.