Ölkə futbolu

“Neftçi” azarkeşlərə müraciət etdi

Son vaxtlar uğursuz dövrlərini yaşayan “Neftçi” azarkeşlərinə müraciət edib.

İdmanxeber.com-un məlumatına görə, klubun rəsmi saytında yerləşdirilən müraciətdə komandanın azarkeşlərin dəstəyinə ehtiyacı olduğu, onların etimadını qazanmaq üçün hətta islahatlara əl atmağa belə hazır olduqları vurğulanıb:

Müraciəti olduğu kimi təqdim edirik:

“Əziz azarkeşlər və “Neftçi”yə biganə olmayan insanlar!

Əsas komandanın son oyunlardakı uğursuz nəticələrinin narazılığınıza səbəb olduğunu başa düşürük. Yaxın günlərdə “Neftçi”nin veteranları, azarkeşləri və ümumiyyətlə, “Neftçi”ni sevən insanlarla görüşməyi düşünürük. Biz sizi və sizin fikirlərinizi eşitmək istəyirik. İstəyirik ki, siz də bizim düşüncələrimizdən xəbərdar olasınız. Sizin etimadınızı qaytarmaq üçün ən böyük islahatlara əl atmağa hazırıq.

Müşahidə Şurasının üzvləri olan insanlar bu kluba əllərindən gələn köməyi etmək üçün gəliblər. Biz tənqidə açığıq, bununla belə, bəzən ədalətsiz münasibətlə də qarşılaşırıq. Elə buna görə də “Neftçi”yə dəyər verən hər kəsə təklif edirik ki, komandanın yüksək səviyyəyə çatması üçün icra olunacaq layihələrin müzakirəsində iştirak etsinlər. Bir daha təkrar edirik ki, vacib olan azarkeşlərin bizə olan etimadını qaytarmaqdır.

Eyni zamanda, qeyd edtmək istərdik ki, kluba qarşı bu cür təzyiq yaxşı nəticələr doğurmaya bilər. Bəzən əsassız tənqidlərlə qarşı-qarşıya dayanırıq. Hesab edirik ki, “Neftçi”nin əvəzedici komandasının ilk pillədə olmasını və aşağı yaş komandalarının uğurlarını görməmək olmaz. Bizim ən ümdə məqsədlərimizdən biri də komandanın gələcəyini düşünməkdir. 

Ötən mövsümü də uğursuz adlandıra bilmərik. Çünki “Neftçi” qarşıya qoyulan tapşırıqları – avrokuboklara vəsiqə qazanmaq və ölkə kubokunun finalına çıxmaq vəzifələrini yerinə yetirdi.

Anlayırıq ki, çoxlu sayda çatışmazlıqlar var. Hesab edirik ki, komanda ətrafında görüntü xatirinə səhnəciklər yaratmaqdansa, problemləri müzakirə etmək daha yaxşı olar.

Dəstəyinizə ehtiyacımız var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43