Ölkə futbolu

“Neftçi” etiraz edir- VİDEO

"Neftçi"nin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Gündüz Abbaszadə "Qarabağ"la oyun barədə idmanxeber.com-a açıqlama verib. Klub rəsmisi əsasən hakim səhvlərinə toxunub:

"Qarabağ"ın qələbəsinə kölgə salmaq niyyətim yoxdur. Bunu dəfələrlə deyirəm. Amma… Ürək istərdi ki, "Qarabağ"dan olan dostlarımızı ürəklə təbrik edəsən.

Bu videoya diqqətlə baxın. Qarşılaşmanın 14-cü dəqiqəsində Riçard Almeida meydandan qovulmalı idi. Videodakı ilk epizodda Riçardın hərəkətinin bircə adı var. Qırmızı vərəqə! İkinci epizodda Riçard futbolçumuza yumruq atır.Yumruq dəydi və ya dəymədi. Özünüzün dediyiniz kimi, vurmağa cəhd də yoxdur? Bir neçə gün əvvəl AZAL-la oyunda “Xəzər-Lənkəran”ın qapısına təyin edilmiş penaltiyə də baxın, Bahadura qarşı kobudluğa da. Əgər, Slavik Alxasovun hərəkəti penalti idisə, “Qarabağ”ın qapıçısı Şehiçin hərəkəti nə idi? Araz Abdullayevin qırmızı vərəqə aldığı epizoda gəlincə… Şərhə ehtiyac var?
Bəli, "Neftçi" zəif oynadı. Son turlar zəif təsir bağışlayır. Bir daha deyirəm, məğlubiyyətimizə haqq qazandırmıram. Lakin, siz də xüsusən jurnalist dostlarım, əlinizi ürəyinizin üstünə qoyun və tam səmimi cavab verin. Epizodlara obyektiv yanaşın. "Qarabağ" 75 dəqiqə azlıqda oynasaydı, belə asan qələbə qazanacaqdı? "Neftçi"ni zatən "Qarabağ" qarşısına “şikəst” çıxarmışdılar. Maraqlıdır, Kardoso ilə Brunoya niyə 2-3 oyun yox, məhz 4 oyun cəza verilir? Öncə düşünün. Sizin də haqqınız tapdalananda yanınızda olacağıq deyənlər, haqqımız tapdalanmayıbmı? Sizcə bütün bunlar nədənsə xəbər vermirmi? Fürsətdən istifadə edib, “Qarabağ”ın kapitanı Rəşad Sadıqova təşəkkür etmək istəyirəm. Onun mərdliyi, düzlüyü qarşısında baş əyirəm. Adam, özü etiraf edir ki, qırmızı vərəqə verilməməli idi. Təəssüf ki, hakimlərin oyunu, bəlkə də “oyun”u “Qarabağ”ın qələbəsini kölgədə qoydu. Di dincəlin, 10 xal fərq var".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43