Ölkə futbolu

“Neftçi” “Rəvan”lıq etdi – YAZI

"Neftçi" yenə "Rəvan"lıq etdi. Ölkənin "flaqman"ı adlandırılan klub 2 ay bundan öncə baş məşqçi postuna gətirdiyi Nazim Süleymanovu istefaya göndərdi. 

İndi çoxlarınız deyərsiniz ki, axı Süleymanov özü istefa verdi? Yox, səni elə şeyə məcbur edərlər ki, elə vəziyyətə salarlar ki, getməyini daha çox istəyərsən, nəinki göndərilməyini. Bax burada getməklə göndərilmək arasında heç bir fərq yoxdu. Ya da var, sadəcə söz baxımından.

Peşəkarlıqdan dəm vuran bir klub üçün biabırçı vəziyyət yarandı. İndi nə desinlər? Nə kimi açıqlamalar versinlər? Haranın külünü başlarına töksünlər? Axı  Süleymanovun yaratmadığı heyətə, klubda bir iz qoymağa çalışan məşqçiyə "sus" dedilər və özünəhörmət prinsipi göstərən çalışdırıcı da istefa verdi, onları pis vəziyyətdə qoydu.

Təbii ki, belə bir addımın atılmasında ən böyük pay sahiblərindən biri, bəlkə də birincisi elə Böyükağa Hacıyev oldu. Tutduğu vəzifədən istefa verən, daha sonra kənardan məşqçilərin işinə qarşıan Hacıyev istədiyinə nail oldu. Bu istefanın gerçəkləşəcəyi öncədən də məlum idi, amma bu qədər tez yox. Öncə qeyd edim ki, dəfələrlə Tərlan Əhmədovla söhbətimizdə bizə "O, məşqçilərin işinə qarışır, bu yaxşı hal deyil" – demişdi. Və bu da onun bariz nümunəsi. 

Nazim Süleymanovun istefası bu aralarda yox, çempionat davam edərkən var idi. Yəni klub onu bilmirdi ki, necə məcbur edə, göndərə. Və rəhbərlik yolunu tapdı. Bu da sizə bəhanə. Oyunçu transfer etməyəcəyik, məşqçi gətirilməyəcək. Səbəb, çempion olmağa qoymurlar. İndi belə pis çıxmasın, bunu "Rəvan", "İnter", hətta "Xəzər Lənkəran" desəydi dərd yarı, inanmağa çalışmaq olardı. "Neftçi" boyda dövlət klubunun rəhbərliyi bu qədər ucuz danışmaqla kimi və nəyə inandırmağa çalışır? 

Artıq bu kluba peşəkarlıqdan zərrə qədər də olsun bir şey qalmayıb. "Neftçi"nin bu rəhbərliklə olan barıtı qurtarıb cənablar. Söz tapa bilmirlər deməyə, bəhanələr işə düşür və davamını da gözləyin. 

Ümumiyyətlə bu klubun bir xasiyyəti xoşuma gəlir – "qonşudan qalma dala" prinsipinə əməl etməsi. Nədi-nədi "Rəvan" baş məşqçi dəyişiklikləri ilə gündəmi "dağıdırdı", biz niyə etməyək? Belə də davam edin. 

Allah işinizi avand eləsin.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43