Ölkə futbolu

“Neftçi” sonuncu dəfə 9 il əvvəl bu vəziyyətə düşüb

Azərbaycan çempionatlarının daimi iştirakçısı olan iki klubdan biri “Neftçi” antirekorda imza atıb.

İdmanxeber.com-un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı klubu mövsümün startında ardıcıl iki məğlubiyyət alıb. Elxan Abdullayevin yetirmələri ilk turda “Qarabağ”a 1:3, ardınca “Səbail”ə 0:1 hesabı ilə uduzub.

Bu, “ağ-qaralar”ın Azərbaycan çempionatları tarixində ən uğursuz startıdır. “Neftçi” 26-cı mövsümdür çıxış etdiyi yarışın tarixində startda 2-dən artıq məğlubiyyət almayıb. İndiyədək yalnız 1 dəfə ilk iki oyunu uduzan bakılılar 2008/09 mövsümündəki uğursuzluğu yaşayıb.

İkinci dəfə çempionata 2 məğlubiyyətlə başlayan “Neftçi” 9 il əvvəl daha yaxşı top fərqinə malik idi. Həmin vaxt “Neftçi” “Standard” və “Bakı” ilə görüşlərin ikisində də 0:1-ə üzülmüşdü. III turda isə “ağ-qaralar” “Qəbələ”ni eyni hesabla udub, seriyaya son qoymuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43