İdman

“Neftçi”də maliyyə problemi: transferlər edilməyəcək!

"Neftçi" rəhbərliyi yay transfer dövründə heyətə yeni legionerlərin cəlb olunmasına veto qoyub.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubla əməkdaşlıq edən menecerlərin əcnəbi futbolçu təkliflərinə cavab olaraq bildirilib.

Səbəb kimi yetərincə maliyyənin olmaması göstərilib. Bu vetonun nə qədər davam edəcəyi məlum deyil.

Əvəzində əsas diqqətlər daxili bazarda azad agent statuslu yerli oyunçulara yönəlib. "Qəbələ"dən ayrılan Rəşad Sadiqovla Məhəmməd Mirzəbəyov və Xorvatiyanın "Duqopolye" klubunda uğursuz legioner həyatı yaşayan Elnur Cəfərovla danışıqlar yekunlaşmaq üzrədir. Hazırda məzuniyyətdə olan komanda üzvləri iyunun 1-də yığışdıqdan sonra transfer çalışmaları sürətləndiriləcək.

Qeyd edək ki, "Neftçi" klubu ötən mövsüm Azərbaycan Premyer Liqasını 7-ci pillədə bitirsə də, baş məşqçi Elxan Abdullayevlə müqavilə uzadılıb.(sportnet.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43