Müsahibə

“Neftçi”ni də keçib, hədəfimizə doğru irəliləyəcəyik” (MÜSAHİBƏ)

"Xəzər Lənkəran"ın gənc futbolçusu Zaman Mirzəyevin İdmanxeber.com-a müsahibəsi.

– Gözlənilmədən "Kəpəz"lə oyunda qalib gəldiniz. Bu heyətlə buna inanırdınızmı?

Özünüz də gördüyünüz kimi çempionatda istədiyimiz nəticələri ala bilmirik. Tək ümidimiz kuboka idi. İstəyimiz Avropa Liqasında getmək üçün kubokdakı rəqiblərimizi məğlub edib, bu turnirə vəsiqə qazanmaqdı. "Kəpəz"lə oyun isə ilk əngəllərdən biri idi və Lənkəranda qələbə qazana bildik.

– Və "Neftçi"ylə qarşılaşacağsınız…

Bəli, bu mərhələni də keçib hədəfimizə doğru irəliləyəcəyik.

– "Zirə" ilə oyunda öz qapınıza qol vurdun. Yunis Hüseynov həmin matçdan sonra səninlə nə danışdı?

Orada şansızlıq desək düz olardı. Kim istəyərdi ki elə səhvi etsin, öz komandasını pis vəziyyətdə qoysun? Məşqçimiz həmişə bizim yanımızda olub, bizə dəstək verib. Bir səhv üstündə hansısa oyunçunun üstünə düşsələr gələcək üçün heç bir nəticəsi olmaz. Mən də Premyer Liqa səviyyəsində yeni oynamağa başlamışam deyə səhvlər olur. Amma çalışıram ki, gələn oyunlarda bu səhvləri təkrarlamayım. 

– Yenidən qayıdaq "Kəpəz"lə oyuna. Rəhbərlik bu matçdan sonra sizinlə söhbət etdimi?

Biz bilirdik ki, bu oyun onlar üçün də vacibdi. Məhz buna görə də sona kimi vuruşub mərhələ adladıq.

– Azarkeşlər "Xəzər Lənkəran"dan çox şey gözləyir. Siz gənc oyunçular onların bu gözləntilərini verə biləcəksizmi?

Azarkeşlərimiz istər səfər, istərsə də ev oyunlarında daim yanımızda olub, bizə dəstək verirlər. Biz də istəyirik ki, onları həmişə sevindirək. Niyə də olmasın? Biz bundan sonra da onları sevindirmək üçün sona kimi mübarizə aparacağıq. "Kəpəz"lə oyunda qazanılan qələbəni azarkeşlərimizə həsr edirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43