Müsahibə

“Neftçi”ni, Kiyev “Dinamo”sunu və Moskva “Spartak”ını bəyənirdim” – MÜSAHİBƏ

“Qəbələ”nin klub saytının “Veteranlar” rubrikasının bu dəfəki qonağı keçmiş futbolçu, hazırda “Qəbələ” Futbol Akademiyasında məşqçi kimi fəaliyyət göstərən Hüseynqulu Quliyevdi.

 Hüseynqulu Quliyev 1972-ci il mayın 11-də Bakıda anadan olub.

Futbol həyatına 1978-ci ildə Olimpiya Ehtiyatları Məktəbində qədəm qoyub. Öz futbol istedadını biruzə verən Hüseynqulu ardıcıl olaraq 15, 17, 19 yaşlılardan ibarət yığmalarda çıxış edib. Bundan sonra Azərbaycan milli komandasına da dəvət alıb. Hüseynqulu Quliyevin ilk peşəkar klubu SSRİ çempionatının ikinci liqasında çıxış edən Bakının “Termist” kollektivi olub. Daha sonra Tovuzun “Turan” komandasına keçən Quliyev burada çempionluq sevinci yaşayıb (1994). Futbolçu karyerası boyunca “Xəzri” (Buzovna), “Şəmkir” (Şəmkir), “Bakı Fəhləsi” (Bakı), “ANS-Pivani” (Bakı), “Ümid” (Bakı), “Neftçi” (Bakı) klublarında yer alıb. 2004-2005 mövsümündə “Neftçi”nin heyətində Azərbaycan çempionu olan Quliyev elə bu kubda da futbolçu həyatına nöqtə qoyub. Hüseynqulu Quliyev 2006-cı ildən məşqçi kimi fəaliyyətə başlayıb. Hazırda öz bilik və bacarıqlarını “Qəbələ” Futbol Akademiyasında, U-15 komandasının fubolçularını yetişdirməyə sərf edir.

 

6 yaşında başlayan futbolçu ömrü

 

– Futbola gəlişiniz maraqlıdır…


– Futbola 6 yaşımda gəlmişəm. İlk məşqçim Zabrodin olub. “Spartak” stadionunda futbolun sirlərinə yiyələnməyə başlamışam. 2 il sonra isə Tofiq Abbasovun rəhbərliyi altında UGİM-də məşqlərə davam etmişəm. 1 is sonra məşqçim Yaşar Babayev olub. Xatırlayıram, ilk vaxtlar özümdən 2 yaş böyüklərlə məşq edirdim. Çünki həmin vaxt mənim yaşımda futbolçu yox idi. UGİM-də isə özümdən 1 yaş böyüklərlə məşq edirdim. 13 yaşından – 1985-ci ildən isə Kazbek Tuayevin yanında məşqlərə başlamışam. 4 il sonra peşəkar futbola addım atmışam. 2-ci Liqanın 9-cu zonasında çıxış edən “Termist” klubunda forma geyinməyə başlamışam.

– Ailənizin futbola münasibəti necə olub?


– Ailəmizdə idmanla əlaqəli heç kim olmayıb. Sadəcə atam futbol azarkeşi olub. O, “Neftçi”ni və Kiyev “Dinamo”sunu çox sevirdi. Mənim bu idman növünə həvəsim isə sırf özümlə bağlıdır. Futbolu sevmişəm və seçmişəm.

 

– Sevdiyiniz işdən qazandığınız ilk gəlirinizi necə xatırlayırsınız?


– İlk maaşım 193 rubl olub. O dövr üçün 20 qızıl onluq (gülür). Bu, 1989-ci ilə təsadüf edib. Fərəh hissi duyurdum ki, bu yaşımda pul qazanıram. O zaman “Termist”də çıxış edirdim.

 

– Peşəkar futbolçu kimi ilk qolunuz yadınıza gəlir?


– Müdafiəçi olduğum üçün karyeram ərzində elə də çox qola imza atmamışam. Düzünü desəm, ilk qolumu xatırlamıram. Amma bir neçə qolum baxımlı alınıb. Məsələn, “Şəmkir”də çıxış etdiyim zaman 30 metrdən “Turan”a vurduğum qol yaddaqalan olmuşdu. Daha sonra isə “Sumqayıt”ın qapısına 35 metrdən yol tapdım.

 

Uğursuz Avropa təcrübəsi və ya “Bir zamanlar Amerikada”

 

– Yəqin ki, karyeranızdakı ən maraqlı qarşılaşmalardan biri 1994-cü ildə UEFA Kubokunda “Fənərbağça” ilə görüş olub. Həmin matçda normal oyun nümayiş etdirsəniz də, böyük hesabla – 0:5 hesabilə məğlub olmuşdunuz. Sözügedən qarşılaşma haqda xatirələriniz maraqlı olardı…


– Doğurdan da yaddaqalan oyun olmuşdu. İlk dəfə idi ki, o cür azarkeş qarşısında oynayırdıq. 5 metrdən bir-birimizin səsini eşitmirdik. Normal çıxış etdik. Amma həyəcan var idi. “Fənərbağça”nın bizdən üstünlüyü o oldu ki, onlar həlledici məqamda şanslarını qaçırmadılar. Bizim də qol epizodlarımız oldu. Amma son anda nöqtəni qoya bilmirdik. Bu da yəqin ki, komandaların ustalıq səviyyəsindən irəli gəlirdi. Bizim beynəlxalq oyunlarda təcrübəmiz yox idi. Meydançaya çıxmamışdan əvvəl bir fikrimiz, bir məqsədimiz var idi: Azərbaycanın və “Turan”ın adını uca tutmaq, layiqli mübarizə aparmaq. Lakin təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik.

 

– Matçın ardından soyunub geyinmə otağında nələr yaşandı?


– Hamımız məyus idik. Baş məşqçimiz Kazbek Tuayev futbolda belə halların yaşandığını və özümüzü toparlamağımızı söylədi.

 

– Həmin matçda “Fənərbaxça”nın heyətində çıxış edən danimarkalı hücumçu Nilsenə qarşı oynayırdınız. Yəqin ki, bu, heç də asan olmayıb…


– O zaman üçün Nilsen populyar futbolçulardan idi. Güclü hücumçulardan sayılırdı. Ona qarşı oynamaq çətin idi. O, İstanbulda bir qol vurmağı bacardı. Amma Sumqayıtda keçirilən cavab oyununda Nilsenə fəqlənmək imkanı vermədik.

 

– Siz Avropa Kuboklarında çıxış etmək şansı qazanan müstəqil Azərbaycanın ilk futbolçularından olmusunuz. Bu oyunlardan sonra Hüseynqulu Quliyevdə ölkə xaricində oynamaq həvəsi yaranıb?


– Təbii ki, o şəraiti, o imkanları görəndən sonra ölkə xaricində top qovmaq həvəsinə düşmüşəm. O həvəs həmin dövrdə oynayan bütün futbolçularımızda var idi. Əfsuslar olsun ki, sözügedən dövrdə ölkədən çıxmaq çox çətin idi. Bizi Azərbaycandan kənara buraxmırdılar. Məsələn, 1995-ci ildə “Turan”ı ABŞ-a – Portlendə turnirə dəvət etmişdilər. Orada bir kanadalı məşqçi mən də daxil olmaqla 4-5 futbolçumuzu bəyənmişdi. O, həmin futbolçuların qalması üçün müraciət etdi. Lakin bizə icazə verilmədi. Həmin dövrdə maneə təkcə klub deyildi. Başqa komandaya keçid üçün federasiya da icazə verməli idi. Açığını deyim ki, Amerika vizamızın 6 aylıq olmasından xəbərsiz idik. Elə bilirdik ki, vizamız qısamüddətlidir. Bu durumdan vaxtında xəbərim olsaydı, Amerikadan qayıtmazdım. Qalıb orada oynayardım.

 

– Maraqlıdır, Amerikaya hansı məqsədlə getmişdiniz?


– Orada yoxlama oyunları keçirdik. 4 rəqiblə üzləşdik. Bu oyunlardan 3-də qalib gəldik, 1-də isə məğlub olduq. Sonda isə Amerikanın mini-futbol çempionları ilə qarşılaşdıq. Mini-futbol qaydaları ilə bizi matçdan əvvəl tanış etdilər. Buna baxmayaraq, rəqibi 6:4 hesabilə yendik. Qarşı tərəfin məşqçisi özünə yer tapa bilmirdi. O, mini-futboldan anlayışı olmayan komandanın Amerika çempionuna qalib gəlməsinə inana bilmirdi. Umumiyyətlə, səfər maraqlı və yaddaqalan alındı.

 

 

İnstitut qapısını açan penalti

 

– Yığma komandalarda çıxışınız necə alınıb?


– Gənc yaşlarımdan müxtəlif yaş qrupları üzrə milli komandaların formasını geyinmişəm. 1971-ci il təvəllüdlü və öz yaş qrupum olan 1972-ci il təvəllüdlü futbolçulardan ibarət yığmalarda çıxış etmişəm. 1989-cu ildə Vilnüsdə milli komandalar arasında keçirilən turnirdə uğurlu çıxışla yadda qaldım. Yekunda məni turnirin rəmzi yığmasına seçdilər. Bu isə SSRİ yığmasına namizədlik demək idi. Amma qısa müddət sonra SSRİ-də vəziyyət gərginləşdi və ittifaq dağıldı.

 

– Futbol həyatınızdakı ən yaddaqalan hadisə…


– 1988-ci ildə Rusiyada milli komandalar arasında SSRİ çempionatının seçmə mərhələsi keçirilirdi. Qrupda Rusiya, Özbəkistan və Tacikistana qarşı mübarizə aparırdıq. Son həlledici oyunda Özbəkistanla qarşılaşdıq. Matç mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. İdman İnstitutuna daxil olmaq üçün bu oyunda özümü yaxşı tərəfdən göstərməli idim. Həm də qalib gələrək final mərhələsinə vəsiqə qazana bilərdik. Oyuna özbəklər daha yaxşı başladılar. İlk hissədə hesabı açdılar. Həmin an xəyallarımda institut arzularımın üstündan sanki xətt çəkildi. Amma özümüzü toparlamağı bacardıq. Hissənin sonlarında hücuma qoşuldum və penalti qazandım. 11 metrlik zərbəni də özüm yerinə yetirdim. Zərbəm dəqiq alındı – 1:1. İkinci hissəyə daha yaxşı təsir bağışladıq və qələbə topunu vurmağa müyəssər olduq. Qolun ötürməsini də mən verdim. Oyundan sonra Komitə sədri Rauf Adıgözəlova zəng vurdular. Qrupu adladığımızı və mənim oyunda yaxşı mənada fərqləndiyimi ona bildirdilər. Rauf Adıgözəlov da öz növbəsində mənim instituta qəbul olunduğumu söylədi. Sevincimin həddi-hüdudu yox idi. Həm qrupdan çıxmışdıq, həm də instituta qəbul olunmuşdum.

 

– Futbola çox kiçik yaşınızda qədəm qoymusunuz. Hazırda uşaq futbolunda çalışırsınız. Dövrlər arasında müqayisə aparsaq, hazırda futbola yeni başlayanlar üçün yaradılan şərait nə dərcədə fərqlidi? İnkişaf var, yoxsa geriləmə?


– İndi hər şey yaxşıya doğru dəyişib. Biz asfaltda məşq edirdik. Yaşıl meydançaya çıxanda sevinirdik. Hazırda komandalarda hər futbolçuya bir top hesablanır. Amma bizim vaxtımızda komandanın cəmi 10 topu olurdu. Məşqlərdə hər şeyi cəmi bir dəfə göstərirdilər, ardından da tələb edirdilər. İndi isə məşqçilər futbolçular hər hansı bir tapşırığı yerinə yetirməyi qavrayanadək onlarla məşğul olurlar. Şərait yaxşılaşıb, amma uşaqların futbolu mənimsəməsi, qavraması sanki əvvəlki dövrlə müqayisədə çətinləşib. Uşaqlarda futbol zəkası istənilən səviyyədə deyil. Üstəgəl, futbola meyl göstərən azyaşlılar təhsildən uzaqlaşırlar. Bu da zehni inkişafa mane olur. Halbuki futbolçunun inkişafında təhsilin də böyük rolu var.

 

– Bunu nə ilə əlaqələndirmək olar? Bəlkə hazırda uşaqların diqqətini çəkən kənar amillər sizin dövrlə müqayisədə daha çoxdu?


– Uşaqlıq dövrümdə yalnız iki şeylə məşğul olmuşam – futbol və təhsil. Dərsdən qayıdan kimi futbola gedirdim. Futboldan qayıdan kimi isə sabahkı dərslərimi hazırlayırdım. Çünki yaxşı qiymət almasaydım, növbəti gün valideynlərim futbol oynamağıma icazə verməyəcəkdilər. İndi isə uşaqların fikrini bir yerə toplamaq çox çətindir. İnternet, kompyuter oyunları onların düzgün inkişafına mane olur. Yuxu və qidalanma rejimləri pozulur, təhsilə istənilən diqqəti ayıra bilmirlər.

 

– Futbola yeni başlayan azyaşlıların bəyəndikləri, bənzəməyə çalışdıqları futbolçular olur. Sizin qəhrəmanınız kim idi?


– Bizim dövrümüzdə Avropa ölkələrinin çempionatlarını izləmək imkanları məhdud idi. Əsasən SSRİ çempionatını izləyirdik. Komanda olaraq “Neftçi”ni, Kiyev “Dinamo”sunu və Moskva “Spartak”ını bəyənirdim. Onların oyun üslubu xoşuma gəlirdi. O ki qaldı futbolçuya, müdafiəçi olduğum üçün Bezsonov və Demyanenkonun oyunu diqqətimi çəkirdi. Onların çıxışını diqqətlə izləyirdim, baxıb öyrənməyə çalışırdım.

 

Emosional centlmen

 

– Futbolçu həyatı ilə vidalaşdığınız anı necə xatırlayırsınız? Buna nə səbəb oldu?


– Futbolçu həyatıma 33 yaşımda son verdim. Ayağımda ağrılar var idi. Topa zərbə vura bilmirdim. Həkimlər çox araşdırsalar da, ağrıların səbəbini tapa bilmədilər. Məsləhət gördülər ki, futbola ara verim. Ağrılar 8 ay davam etdi. Məcburən futboldan uzaqlaşdım. Sonradan qayıtmaq isə mümkün olmadı. 33 yaşda futbola 8 ay ara vermək və yenidən eyni formanı yığmaq çox çətindir.

 

– Məşqçiliyə gəlişiniz necə olub?


– Futbolu çox sevdiyimdən ozümü bu sahədən kənarda təsəvvür etmirdim. 2006-cı ilin aprelində “Neftçi” rəhbərliyi məni dəvət etdi və bu klubda məşqçilik fəaliyyətinə başladım.

 

– Sizi emosional məşqçi kimi tanıyırıq. Bəs futbolçu kimi necə idiniz? Karyeranız boyunca neçə dəfə qırmızı vərəqə ilə cəzalandırılmısınız?


– Meydançada daim özümü nəzarətdə saxlamağı bacarmışam. Karyeram boyunca cəmi iki dəfə qırmızı vərəqə almışam. Hər ikisi də oyun epizoduna görə olub. Oyunlarda qarşıma məqsəd qoyurdum. Sanki rəqib hücumçu ilə yarışırdım. Ona fərqlənmək imkanı versəydim, artıq yarışı uduzmuş sayılırdım.

 

– Futbola rəngarənglik qatan müxtəlif hallar, hadisələr, epizodlar var. Bunlardan biri də futbolçuların oyun zamanı simulyasiyaya əl atmasıdı. Siz meydançada bu cür hallara yol vermisiniz?


– Xeyr, heç vaxt simulyasiyaya əl atmamışam. O dövrün hakimləri – Xaqani Məmmədov, Asim Xudiyev, Tahir Süleymanov məni yaxşı tanıyırdılar. Bilirdilər ki, heç vaxt meydançada hiyləyə yol vermərəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43