Kateqoriyasız

“Neftçi”ni kriminallaşdıran adam

Onun gəlişi ilə “xalq komandası”nın ətrafı boşaldı. Xalqı təmizlədilər “xalq komandası”nın ətrafından.

Hər şey onun gəlişindən sonra başladı. Özü ilə sağlam düşüncəyə yox, qol gücünə arxalananları gətirdi ora. “Xalq komandası” eləcə “Neftçi” oldu. Sadəcə, “Neftçi”.

Sonra təzyiqlər başladı. Hamıya, hər kəsə qarşı. Rəqib komandanın ürəklə oynayan futbolçusu vardısa, döyülürdü. Meydanda “Neftçi”nin futbolçusuna “gözün üstə qaşın var” deyən olurdusa, döyülürdü. Döyülürdü yox ey, qanına qəltan edilirdi.

Beləcə İbrahim Karqbo döyüldü, eləcə Elvin Əliyevi döymək yox, öldürmək məqsədilə döydülər. Gözümün qarşısında döymüşdülər onu. Onda o adam kənardan müşahidə edirdi bu səhnəni. “Neftçi”ni xalqdan təmizləyən adamı deyirəm. Onda yəqin ki, Elvin Əliyevin ölməməsinə təəssüflənmişdi o adam. “Allah saxladı” deyimi məhz onda məntiqi təsdiqini tapmışdı mənim üçün. Döyülmək yox, öldürülmək üçün döyülən Elvin Əliyevi o adamın əmrindən kim qoruya bilərdi ki, Allahdan başqa? Sonra hakimlər döyüldü. “Neftçi”nin əleyhinə səhv edən hər kəsi xurd-xəşil etdilər.

Hər şey bu adamın gəlişindən sonra başladı. Sonra “Neftçi”nin futbolçularının da ayağı və başı yox, qolu işə düşdü. Aqressivləşdi “Neftçi”nin futbolçuları onun gəlişi ilə. Meydanda futbol oynamadılar,  rəqib oyunçuları  şillə-təpiyin altına saldılar. Qol yorulanda da barmağı qaldırdılar. Xalqa barmaq göstərdilər.

Hər şey onun gəlişindən sonra başladı. Azərbaycan kubokunun finalında qan su yerinə axdı. 28 mayda -bayram günündə bütün dünya Azərbaycanda-stadionda yaşanan rəzaləti gördü. Hər şey onun ssenarisi əsasında qurulmuşdu. Hamı onun tapşırıqlarını yerinə yetirirdi.

Hər şey onun gəlişindən sonra başladı. “Neftçi”nin baş məşqçisinin oğlanları mətbuat konfransında jurnalistə hücum etdi. Atasına sual verdiyinə görə. Beynəlxalq səviyyəli qarşılaşmada baş məşqçinin oğlanlarını mətbuat zalına kim buraxmışdı? Onun tapşırığı olmadan quş da uça bilməzdi  axı orda.

Hər şey onun gəlişindəın sonra başladı. “Neftçi” “xalq komandası” statusunu itirdi. Kriminallaşdı “Neftçi”.

Bu odur, Sadıq Sadıqovdur. “Neftçi”nin prezidenti. “Neftçi”dən getməli olan birinci adam. “Neftçi”ni kriminallaşdıran adam.

Natiq Muxtarlı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43