Ölkə futbolu

“Neftçi”ni məhvə sürükləyənlər

Sanki bir uşağa danışılan nağıl kimidi “Neftçi”. Əvvəli şirin, sonu acı. Gəl indi öncəsi maraqlı başlayan, sonucu heç cür gözəl bitməyən nağılı “yatmağa” çalışdırığın “uşağa” danış. Əgər bunu alındıra bilmədinizsə, o zaman vay halınıza…

Ötən gün isə “Neftçi” azarkeşləri bu “nağıl”a qulaq asmaq istəmədi. Buna daha sonra qayıdarıq…

İndi isə sizin şirin başlayan “nağıl”ınızdan bəhs edək. “Sperantsa” kimi həvəskar klub üzərindəki darmadağınlarla başlatmışdız bu “nağıl”ı. Gözəl gedirdi hər şey. Sonra Tula “Arsenal”ı ilə davam etdiniz… Hansı ki, “Neftçi” azarkeşlərinin bu qələbədəki payı sizin zəhmətinizdən qat-qat çox idi. Daha sonrasını isə hamınız/hamımız gözəl bilirik. İsrail “Bney Yehuda”sı ilə Bakıdakı heç-heçəni də azarkeşlərin ayağına yazmaq lazımdı. Final fitinə kimi durmadan gələn dəstək fonunda qazanılan heç-heçə… Və siz onlarsız çıxdığınız İsrail səfərində ilk yenilginizi aldınız. Bununla da “nağıl”ınız bitdi.

İnanmağa çalışdılar. Azarkeşlərinizi deyirəm… Ona görə sizə inanmaq istədilər ki, bəlkə bu uğursuzluqda kimlərsə səmimi etirafları ilə “nağıl”ınıza rəng qatar. Lakin siz “bizim üçün əsas hədəf ilk mərhələni keçmək idi” – açıqlaması ilə onların “səbr kasası”nı daşırdınız. Bu səbəbdən də, Premyer Liqanın ilk turundaca ilk xal itkisi klubun ən böyük azarkeş qrupu olan “Forza Neftçi”nin tirbunadan çəkilməsi ilə nəticələndi. Yox, onların tribunadan çəkilməsinə əsas səbəb kimi ilk turdaca büdrəməni göstərmək sadəlövhlük olar. Çox uzağa getməyək, dünəni xatırlayaq. “Neftçimania” azarkeş qrupunun “istefa” qışqırmasından sonra tribunadan kənarlaşdırılması da, sizin öz “nağıl”ınızda yalnız qəhrəman olacağınızı bir daha isbatladı. Niyə ayına 60 min qazanan Bordin kimi məşqçi “istefa qışqıranlar “Neftçi” azarkeşləri deyildi” – deyir? Nədir sizin azarkeşə verib amma ala bilmədiyiniz? Yox, əgər “nağıl”ınızla məqsəd onları “yatırtmaqdısa”, yanılırsız. Bu dəfə keçərli olmayacaq. Çünki ən böyük azarkeş qrupunuz tribunadan çəkildi, digər azarkeş qrupunuzu da özünüz qovdunuz. Hər il azarkeşi özünüzdən küsdürməyin yeni-yeni yollarını tapırsız. Bu baxımdan formadasız.

Biraz mövzudan kənara çıxıb, ancaq bir o qədər də mövzu ilə əlaqəsi ilə bir məsələyə toxunmaq istəyirəm. Keçən günlərdə AFFA başçısı Rövnəq Abdullayevin kurasiyasında olduğu bildirilən “Relax” istirahət mərkəzində vergidən yayınma hallarına görə düşmüş hay-həşirdən xəbərdarsınız. Yəni yeyən-yeyənədi. Sənin ölkə futboluna başçılıq edən adamın dövlət büdcəsinə ödəməli olduğu maliyyə məsələsində şəffaf deyilsə, onun “əlaltıları”nın klublarda çıxardığı hoqqada heç zaman düzgün ola bilməz. Nə Elxan Məmmədovu, nə də onun klublarda Kamran Quliyev, Riad Rəfiyev kimi dostlarından düzgün idarəçilik və ən əsası şəffaflıq gözləmək onların bizlərin beyninə yeritmək istədiyi “nağıl”a inandırmaq kimi bir şey olar.

Çox təəssüf ki, hər şey yuxarıdan başlayır. Əslində isə bu bitmək bilməyən bir “nağıl”dı. Yuxarıdan 3 almanın düşməyəcəyi bir “nağıl”… O “almaları” da yeyiblər, ondan dedim…

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43