Müsahibə

“Neftçi”nin baş məşqçisi: “Bu mənim işim deyil” – müsahibə

"Neftçİ" klubunun baş məşqçisi Elxan Abdullayevin müsahibəsi:

 

– "Neftçi" Azərbaycan Premyer Liqasında 8-ci məğlubiyyətini aldı. Bu gedişlə komandanın aqibəti necə olacaq?

– Bu gedişlə yeganə çıxış yolu qışı gözləməkdir. Qış fasiləsindən sonra başqa komanda izləyəcəksiniz.

– "Neftçi"nin turnir cədvəlinin ilk "üçlüy"ündə qərarlaşması çətin görünür. 3-cü yerdə olan "İnter"dən 14 xal geri qalırsınız. Bu fərqi aradan qaldırmaq mümkün olacaq?

– Düzdür, 3-cü yerlə aramızda böyük fərq var. Amma bu fərqi aradan qaldırmaq mümkünsüz deyil. Dördüncü yerlə də avrokuboklara vəsiqə qazanmaq olar. Şansımız var və üstəlik, Azərbaycan Kubokunda da çıxış edirik. Bacardığımız qədər yüksək yerlərə qalxmağa çalışacağıq. Başa düşürəm, çox xal itirmişik.

– Hücumçu Katalin Tira ilə yollar ayrıldı. Qapıçı Krşevan Santini, müdafiəçilər Jayro Rodriges, Vançe Şıkov, Dario Melnyak və hücumçu Denilson Pereyra isə əvəzedici heyətə göndərilib. Bu futbolçuların aqibəti necə olacaq: Onlar da qışda komandadan göndəriləcək?

– Hər bir futbolçu müqavilə əsasında çıxış edir. Bəzi adamlar sözümü yanlış başa düşür. Keçən dəfə də demişdim ki, əvəzedici heyət "dizbat" deyil. Əvəzedici heyətə göndərmə cəzalandırma üsulu deyil. Əsas heyətdə oynamayan, fiziki, taktiki cəhətdən tələblərə cavab verməyən futbolçunu ora göndərirsən. Bu futbolçu aşağı səviyyədə çıxış edirsə, nəticə vermirsə, ona özünü bərpa etməsi üçün vaxt verilir. Nə vaxt məsləhət olsa, əsas heyətə çağırılacaqlar. Hər halda onlar "Neftçi"nin futbolçularıdır. Üstəlik, legionerlər yerli futbolçulardan üç dəfə yaxşı oynamalıdırlar. Bu gün belə tələb olunur. O da özünü sübut etməlidir.

– Sizin həm milli komandada, həm də "Neftçi"də çalışmağınızla bağlı söhbətlər olub. XI turdan sonra milli ilə Şimali İrlandiyaya yollanacaqsınız. Hər kəs komandasını hazırlayanda siz "Neftçi"də olmayacaqsınız. Bu işlər necə olacaq? Bəlkə millidəki işiniz "Neftçi"də uğur qazanmağınıza maneə yaradır?

– Heç bir maneə törətmir. Çünki komandada məşqçilər korpusu var. 5 məşqçi işləyir və mənim olmamağım kluba heç bir zərbə vurmur. Biz planla işləyən komandayıq. Elxan Abdullayev olsa da, olmasa da bu plan var. Bir ay əvvəldən hər şey məlum olur. Bu səbəbdən, iki komandada çalışmağım böyük problem deyil. Cəmi 5 gün olmayacağam. Üstəlik, bu il son oyundur. Millinin növbəti matçı martda olacaq. Ən vacib məsələ komandanı hazırlamaqdır. Komandanın əsas problemi toplanış, yaxşı hazırlıqla bağlıdır. Ona görə də fasilədə bu işi görmək lazımdır.

– Klub rəhbərliyinin iki yerdə işləməyinizə heç bir etiraz etmədiyini demişdiniz. Bu qədər uğursuzluqlardan sonra rəhbərliyin fikri dəyişməyib?

– Xeyr, bizdə danışıq olub. Məni bura gətirəndə komandanın vəziyyətini, nə qədər vaxtın lazım olduğunu bilirdirlər. Rəhbərlik işimdən razıdır. Düzdür, nəticə verməsək də, əsas məsələ düz yolda olmağımızdır. İşimizi düzgün qururuq. Nəticə isə gələcək.

– Növbəti tur "İnter"lə qarşılaşacaqsınız. Əvəzedici heyətə göndərilənlərdən 3-ü müdafiəçidir. "Neftçi"nin müdafiə xətti isə gənclərdən ibarətdir. Növbəti oyuna qədər həmin legionerlər özlərini doğrultmasalar, müdafiənin aqibəti necə olacaq?

– Birincisi, əvəzedicilərin baş məşqçisi var və özü onların oynayıb-oynamayacağı ilə bağlı qərar verir. Bu, mənim işim deyil. Futbolçu əvəzedicilərə gedirsə, həmin komandanın baş məşqçisi ilə işləyir. Çətin vəziyyətdəyik və məcburuq gənc futbolçularla oynayaq. Ancaq fərqi nədir? Gənc futbolçu ilə uduzmaq daha yaxşıdır, nəinki böyük miqdarda pul verilən legionerlərlə. Bu gün gənclərə daha çox etimad göstərmək lazımdır. Gənclər həmin legionerlərin yanında oynamalı və özünü göstərməli, təcrübə qazanmalıdır. Ancaq bu gün mən elə şey görmürəm. Buna görə də gənclərə şans verib, onları oynatmaq lazımdır.

– Katalin Tira göndərildi, Denilson Pereyra isə əvəzedicilərdə çıxış edəcək. Yəni, "Neftçi"nin sırf hücumçu mövqeyində olan futbolçusu qalmayıb. Bu, qol vura bilməyən "Neftçi"yə mənfi təsir etməyəcək?

– Guya Tira və Pereyra olanda hərəsi 10 qol vurub?

– Əvəzedici komandanın nəticələri yaxşıdır. Oradan əsas komandaya futbolçu cəlb etməyi düşünmürsünüz?

– Yaxşı futbolçular var. Məsələn, İbrahim Əliyev adında futbolçu var. Onu gətirəcəyəm və düşünürəm ki, heç də Tiradan zəif deyil. Hər bir gənc futbolçuya şans verəcəyəm. "İnter"lə oyuna azı 3 nəfər gətiriləcək.

– Komandanın kapitanı Araz Abdullayevdir. O olmayanda sarğını Cavid İmamverdiyev daşıyır. Mahir Şükürov start heyətində meydana daxil olanda kapitanlıq kimə veriləcək?

– Mən bu komandaya gələndə Araz kapitan idi və onu da komanda seçib. Yəni, məşqçi seçmir. Qış fasiləsində yenə seçki olacaq. Komanda kimi məsləhət bilsə, o da seçiləcək. Bir daha deyim ki, Arazı komanda özü seçib. O desə ki, Mahir kapitan olsun, mən buna etiraz etməyəcəyəm. Komanda ona inanıb və bu qərarı verib. Bu səbəbdən, mənim kapitanlığı kimdənsə alıb, kiməsə verməyə haqqım yoxdur. (Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43