Ölkə futbolu

“Neftçi”nin futbolçusunun özünü və klubunu rüsvay edən açıqlamasına YAZI

Pul insanı kor edir, onun ətrafa baxışını dəyişir, özündən başqasını görmür və ya yalnız özünü düşünür. 

Çox pul əslində heç insanı dəyişmir, onun kimliyini ortaya qoyur. 

Ölkə bu yaxınlarda benzinin qiymətindəki artımla silkələndi. Onsuzda ailəsinə bir parça çörək aparmaqda çətinlik çəkən azərbaycanlı vətəndaşın bu haqsızlığa da tab gətirəcəyi bəlli məsələdir.

“Mənim üçün heç bir fərqi yoxdu. İstəyirlər qiyməti lap 1 manata qaldırsınlar. Onsuz da biz yanacaq pulumuzu SOCAR-dan alırıq”.

Bu sözlər “Neftçi”nin futbolçusu, kapitanı, millinin üzvü və ən əsası bir Azərbaycan vətəndaşının verdiyi açıqlamadı. Bəli, söhbət Mahir Şükürovun “futbol+”a verdiyi açıqlamadan gedir. Mahir aparılan sorğuya cavab olaraq öz vətəndaş mövqeyini ortaya qoyub. Benzinin qalxması onu və onun timsalında “Neftçi”ni maraqlandırmayan məqamdı. Nəyinə lazımdı bu xalqın nə çəkdiyi, hansı əziyyətə qatlandığı. 

O, heç siravi azarkeşləri belə düşünmür. Stadionlara gələrək “Neftçi”yə dəstək olanları bari düşünəydin? Sənin üçün aydın məsələdir ki, 20 qəpik bir şeyi həll etmir. Ancaq o bəziləri üçün puldur, PUL! 

Mahir Şükürovun belə açıqlama verməsində ən böyük günah sahibi “Neftçi” və AFFA-dı. Millinin lazımsız xal qazanmalarında verilən yüzminlərlə mükafatın “zibil”i indi ortaya çıxır. Mahirə və onun timsalında bu kimi harınlayan futbolçularımıza belə məbləğ verdiyin halda onun vətəndaşlıq mövqeyi bundan artıq olmayacaq ki?

Son günlərin problemli komandası olan “Neftçi” isə heç vaxt Mahir Şükürov məsələsində düzgün qərar verə bilmədi. Mahir deyir ki, “lap istəyirlər benzinin qiymətini 1 manata qaldırsınlar”. Ancaq Elnur Allahverdiyev deyir ki, “Xalqımın problemi mənim problemimdi. Xəbəri eşidəndə bəlkə də ən çox mənim əhvalım korlandı. İnanın, deməyə söz tapmıram.   Məni yandıran camaatın vəziyyətidi”.

Fərqə baxın siz. Biri “Neftçi”nin üzvü, digəri isə “Xəzər Lənkəran”a məxsus, “Qəbələ”də çıxış edən futbolçu. Biri Azərbaycan vətəndaşı, digəri isə Azərbaycanda yaşayan futbolçu.

Səxavət


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43