Müsahibə

“Neftçi”nin kapitanı: “Böyük oyun”un həyəcanı ayrıdı” – MÜSAHİBƏ

“Neftçi”nin kapitanı Mirhüseyn Seyidovun idmanxeber.com və korner.az-a müsahibəsi.

– Toplanışı yarılamısız. Komanda çempionata nə dərəcədə hazırdı?

– Əsasən fiziki hazırlaşırıq. Yüklənmələrdən sonra oyuna çıxmaq çətin olur. Belə olan halda da oyunumuz yaxşı alınmır. Əsas olan çempionata hazırlıqdı. Yoldaşlıq oyunlarında nəticə o qədər də vacib deyil.

– Oyunun bir hissəsində geridə ancaq ötürmələr edirdiz. Bu, baş məşqçinin tapşırığı idi, yoxsa rəqibi yormağa çalışdız?

– Hazırlığın ilk bölümünü  yorğunluq fonunda keçirdirsən. Ola bilsin ki, həmin dediyiniz anda gücümüz bitmişdi və topu özümüzdə saxlamaqla yenidən enerji  toplamağa çalışırdıq. Topu özümüzdə saxlamağımız da yaxşıdı. Ən azı, rəqibə oynamaq imkanı vermirik.

– Bugünkü oyunda iki hücumçu ilə oynadız – Rauf-Nfor tandemi vardı meydanda. Bu, sırf həmin ikilinin birgə oyununu yoxlamaq üçün idi, yoxsa komanda qışdan sonra ikihücumçulu sistemə keçəcək?

– Raufu hamımız tanıyırıq. Onun oyunu da göz qabağındadı. Düzü, bilmirəm ki, əsas heyətdə oynayacaq, ya yox. Hər halda, limitə görə əsas heyətə düşmək, məncə, onun üçün o qədər də çətin olmayacaq. Bundan əlavə, onun gəlişi komandada rəqabəti artıracaq və tam əminliklə deyə bilərəm ki, Rauf bizə çempionatda çox xeyir verəcək.

– Toplanışdan əvvəl Elnur Allahverdiyev komandadan göndərildi. Kapitan komandanın ikinci baş məşqçi sayılır. Bir kapitan kimi sənin də Elnurun göndərilməsinə münasibətini bilmək istəyərdim.

– Elnurun göndərilməsi rəhbərliyin qərarıdı. Hər halda, özünü burada sübut edə bilmədi ki, onunla yollar ayrıldı.

– Millimizin baş məşqçisi Prosineçki də oyunu izləyənlər arasında idi. Mirhüseyn neyləməlidi ki, Prosineçkinin rəğbətini qazansın? Və tam səmimi olmağını istəyirəm, özünü milliyə tam hazır edirsənmi?

– Milliyə çağırılan oyunçu tam hazır olmalıdı. Mən də çalışıram ki, əsas millinin şərəfini qoruyum. Necə oynayıb-oynamadığıma məşqçilər qərar verər. Mən öz üzərimdə çalışıram.

– Geridə qalan 18 turun mənzərəsi budur ki,  siz həm nəticə, həm də oyun baxımından “Qarabağ”dan geri qalırsız. Bu, bu mövsüm üçün çempionluğu “Qarabağ”a verdiyiniz anlamına gəlmir ki?

– Bizim ehtiyatda bir oyunumuz var. Bundan əlavə, “Qarabağ”la da oyunlarımız var və 8 xalı “ərtimək” olar.

– “Xəzər Lənkəran” gəncləşdirmə siyasəti aparır və demək olar ki, əksər futbolçuları ilə yollarını ayırıb. “Neftçi” və “Xəzər Lənkəran” arasında baş tutan “Böyük oyun”lar həmişə çempionata rəng qatıb. Düşünmək olarmı ki, Lənkəran klubunun zəifləməsi bu mövsümlük “Böyük oyun” həyəcanının erkən başa çatması deməkdi?

– Düzdü, gənclərlə mübarizə aparacaqlar. Ancaq unutmayaq ki, gənclər ikiqat güc sərf edəcəklər komanda üçün. “Böyük oyun” həyəcanı elədi ki, orada komandaların zəifləməsi və ya güclənməsi fərq etmir. Derbi derbidi. Lənkərandakı oyunlar bizim üçün həmişə çətin idi, yenə çətin olacaq.

Səxavət Qurbanov

Antalya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43