Ölkə futbolu

“Neftçi”nin prezidentinin şok ərizəsi üzə çıxdı

Xəbər verdiyimiz kimi, «Neftçi» futbol klubunun prezidenti Sadıq Sadıqov «Sport Favorit» qəzetini məhkəməyə verib.

Qeyd edək ki, Sadıq Sadıqov şərəf və layaqətinin təhqir olunduğunu əsas gətirərək iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. «Neftçi»nin prezidenti qəzetdən 100 min manat tələb edir.

Dekabrın 2-də məhkəmənin hazırlıq iclasının keçirilməsi nəzərdə tutulurdu.

Virtualaz.org saytının müxbiri bu proses barədə məlumat əldə etmək üçün «Sport Favorit» qəzetinin baş redaktoru İlkin Vaqifoğlu ilə əlaqə saxlayıb.

Baş redaktor virtualaz.org-a bildirdi ki, hazırlıq iclası keçirilib, amma onların iştirakı olmadan: «Biz əvvəlcədən rəsmi şəkildə məhkəməyə müraciət etdik ki, vəkillə müqavilə bağlamadığımızdan hazırlıq iclasını bir-iki günlüyə təxirə salsınlar. Çox təəssüf ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev bizim müraciətimizi nəzərə almayaraq hazırılıq iclasını keçirib və Sadıq Sadıqovun ərizəsi icraata götürülüb».

İlkin Vaqifoğlu onu da bildirdi ki, «Neftçi»nin prezidentinin 7 səhifəlik iddia ərizəsində  xeyli təəccüblü məqamlar var: «Hiss olunur ki. idldia ərizəsi savadsız və tələsik şəkildə tərtib olunub. 7 səhifəlik iddia ərizəsində 100-dən artıq orfoqrafik səhv var. Üstləlik, Sadıq Sadıqov iddia ərizəsində özünün şərəf və ləyaqətinin konkret olaraq hansı məqamda təhqir olunması ilə bağlı fakt göstərməyib. Sadıq Sadıqov iddia ərizəsində yazıb ki, «Sport Favorit» qəzeti «Neftçi»nin vitse-prezidenti Tahir Süleymanovun və klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin də şərəf və ləyaqətini təhqir edib. Bunlar hələ harasıdır?! Sadıqov Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin, AFFA-nın baş katibi Elxan Məmmədovun da şərəf və ləyaqətini qorumaq qərarına gəlib. Hər halda onun iddia ərizəsində göstərilir ki, qəzet bu şəxsləri də təhqir edib. Başa düşə bilmirəm, Ramin Musayevin, Elxan Məmmədovun «Neftçi» ilə, Sadıq Sadıqovla nə əlaqəsi? Onların şərəf və ləyaqəti qəzetdə təhqir olunubsa, bu şəxslər özləri məhkəməyə niyə müraciət etməyiblər? Nəyə görə onların şərəf və ləyaqətini məhz Sadıq Sadıqov qorumalıdır? Məhkəmə məhz bunları nəzərə alaraq iddia ərizəsini rədd etməli idi. Amma Şahin Abdullayev işi icraata götürüb. İddia ərizəsindən də görünür ki, bu iş sifarişlə həyata keçirilir».

Baş redaktor dedi ki, artıq tanınımış vəkillərdən biri ilə müqavilə bağlayıblar: «Hüquqlarımızı sona qədər müdafiə edəcəyik. Bu yöndə ictimai-siyasi mətbuatdan da dəstək gözləyirik. Çox təəssüf ki, «Neftçi»nin reklam pulundan asılı olan idman mətbuatı bu işə olduqca biganə yanaşır».

Vaqifoğlunun sözlərinə görə, "Sport Favorit" qəzeti dövlətin idman siyasətini dəstəkləyən mətbu orqandır: «Qəzetimiz fəaliyyəti dövründə daim bu prinsiplərə sadiq qaılb və qalacaq. Azərbaycan prezidenti cənab İlham Əliyev həmişə mətbuatla həmrəylik nümayiş etdirib, mətbuatın inkişafına çalışıb. Biz bilirik ki, cənab prezident mətbuatı məhkəməyə verməyin tərəfdarı deyil və çıxışlarında daim tövsiyə edib ki, belə məsələlər bu müstəviyə qaldırılmamalıdır. Görünür,  Sadıq Sadıqov cənab prezidentin bu məsləhət və çıxışlarından xəbərsizdir. Yəqin başı kluba, öz işlərinə elə qarışıb ki, artıq özündən başqa heç kimi görmür, ya da görmək istəmir. Qarşı tərəf mənim bu sualıma hələ də cavab verməyib ki, "Sport Favorit"i niyə məhz indi məhkəməyə çəkir. Bu işin arxasında duran və ya duranlar var. Qəzetimizi məhkəməyə verməklə bağlatdırmaq istəyirlər. Çünki haqqı deyirik, haqsızlığa göz yummuruq».

Virtualaz.org


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43