Kateqoriyasız

“Neftçi”nin qapısında qol görmək istəyirsiz?” – Bordin

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda sabah Rusiyada Tula “Arsenal”ının qonağı olacaq “Neftçi”nin baş məşqçisi Roberto Bordin matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– Bizi çox maraqlı görüş gözləyir. Rəqib son iki oyunu yaxşı keçirib. Hazırda bizdən fiziki cəhətdən güclü olan komandaya qarşı oynayacağıq.

– Altı saatlıq yubanma komandaya necə təsir edəcək?
– Bu, yalnız bu günə təsir edəcək. Müəyyən stress yaşandı, məşq vaxtını keçirməli olduq. Bu gün baş verənlər sabahkı matça təsir etməyəcək və yaxşı oyun sərgiləməyə çalışacağıq.

– Sabahkı oyuna baş plan necədi: qapının toxunulmazlığını qorumaq, yoxsa Bordin və komandası Tulaya qələbə arxasınca gəlib?
– Əlbəttə, qol buraxmamaq əla olardı. Ancaq əvvəl də qeyd etdiyim kimi, “Arsenal” hazırda yaxşı formadadı. Eyni zamanda unutmayaq ki, bizi hələ Bakıda da cavab oyunu gözləyir. Ağıllı oynamalıyıq. Təbii ki, bu matça hazırlaşmaq üçün vaxtımız olub və sabah şanslarımızdan istifadə edərək qol vurmağa da çalışacağıq.

– Sabah anşlaq gözlənilir. Bu, komandanızın üzərinə təzyiqi artıracaqmı? Üstəlik də “Neftçi” qol buraxsa…
– Çox çətin olacaq. Rəqib ilk dəfədi qitəmiqyaslı turnirdə iştirak edir və tribunaların coşqusunu təsəvvür edirik. Ancaq biz də hazırlaşmışıq. Bəli, meydan amili rəqibin üstünlüyüdü, amma sonra eyni üstünlük bizdə olacaq. Burdan müsbət nəticəylə qayıtmağa çalışacağıq. İlk dəqiqələrdən “Neftçi”nin qapısında qol görmək istəyirsiz (gülür)? Sabah nəyin necə olacağını görəcəyik.

– Sabah yağış olacağı gözlənilir. Hava şəraiti oyuna necə təsir edəcək?
– Düşünmürəm ki, yağış taktiki planları dəyişə bilər. Zənnimcə, sadəcə, sürət daha yüksək olacaq. (Futbolpress.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43