16 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi”nin texniki direktoru: “Azərbaycan çempionatlarında yay və qış fasilələri çoxdu”

AFFA tərəfindən “Neftçi” PFK-nın yeniyetmə və uşaq futboluna texniki direktor təyin edilmiş Yan Versleyen klubun rəsmi saytına müsahibə verib.
– İlk olaraq Azərbaycana gəlişinizlə bağlı danışardınız
– Hollandiyada olarkən AFFA tərəfindən Azərbaycana dəvət olundum. Hələ bura gəlməmişdən Azərbaycan futbolu haqqında məlumat toplayırdım. O zaman Azərbaycanın hansı klubunda çalışacağımı bilmirdim amma öyrənmişdim ki, ölkənin ən köklü klubu “Neftçi”di. Daha sonra AFFA mənimlə müqavilə bağladı və elə “Neftçi” klubuna texniki direktor olaraq təyinat aldım. Burada əsas vəzifəmiz yeniyetmə və uşaq futbolunun inkişafına çalışmaqdı.
– Bundan sonra “Neftçi”də fəaliyyətə başladınız.
– Hə, “Neftçi”yə gəldiyim gün klub prezidenti Sadıq Sadıqovla görüşdüm və planlarım barədə danışdım. O da öz növbəsində mənə dəstək verəcəyini bildirdi. Daha sonra işə başladım. Hər gün klub rəhbərliyi və uşaq futboluna cavabdeh şəxslərlə görüşüb müzakirələr aparırıq. Meydana çıxan problemlər də dərhal həll olunur. Mən buna qədər Hollandiyadan başqa Yaponiya, Çin, Cənubi Afrika Respublikası və Səudiyyə Ərəbistanında çalışmışdım bu səbəbdən də fərqli ölkələrdə işləmək mənə çətinlik yaratmır.
– “Neftçi”nin yeniyetmə və uşaq futbolçularını ilk gördüyünüzdə sizdə hansı təəsüratlar yarandı?
– Mən “Neftçi”yə aprel ayında gəldim və iki ay demək olar ki müşahidə etdim. Futbolda işə haradan, hansı səviyyədən başlamağı müəyyənləşdirməlisən. Yalnız belə olan halda istəyinə nail ola bilərsən. Mən burada futbol oynamağa həvəsli və istedadlı uşaqları gördüm. Azərbaycanda uşaqların yetişdirilməsi üçün futbol meydançalarının sayını artırmaq lazımdı. Digər tərəfdən də komandalar bir mövsüm ərzində say etibarı ilə az oyun keçirirlər. Çünki Azərbaycan çempionatlarında yay və qış fasilələri çoxdu. Avropa ölkələrində isə məşq saatları çoxdu. Ümumiyyətlə hər sahədə nailiyyət qazanmaq üçün daha çox məşq etmək lazımdı. Bizim hesablamalarımıza görə burada uşaqlar 6 yaşından 16 yaşına kimi 4 min saat məşq edirlər ki, bu da çox azdı.
– Yəqin ki, komandalarda müəyyən istedadları gözaltı eləmisiniz.
– 9,10 və 11 yaşlı futbolçular arasında belələri var. Onlar sözün əsl mənasında istedadlıdılar. Amma istedadlı olmaq kifayət deyil. Biz çalışmalıyıq ki, onlar bu qabiliyyətlərini inkişaf etdirsinlər. Əldə xammal ola bilər amma onu yaxşı cilalamaq lazımdı. Əsas da onlara düzgün məşq keçilməlidi. Biz də məhz bu istiqamətdə çalışırıq. Məşqçilər futbolçuları inkişaf etdirməklə yanaşı, özləri də inkişaf etməlidilər. Hər yaş qrupunun öz hazırlığı var və biz proqram əsasında bunu ən yaxşı şəkildə icra etməyə çalışırıq.
– Futbolçuların inkişafı üçün konkret nə işlər görülür?
– Çalışırıq ki, futolçularla məşqçilər daha sıx təmasda olsunlar. Çünki futbolçu məşqçinin dediyini dərhal anlamalıdı və məşqi kortəbii halda yox, anlayaraq icra etməlidi. Əgər futbolçu nəyi nə üçün etdiyini bilmirsə, o inkişaf edə bilməz. Bir sözlə futbolçu oynamaqla yanaşı, düşünməyi də bacarmalıdı.
– Uşaq futbolçularımızın üstün tərəfləri hansıdı?
– Azərbaycan futbolçuları topla oynamağı sevirlər və texnikalı futbola üstünlük verirlər. Fikrimcə burada futbolçular daha çox fərdi ustalıq hesabına fərqlənməyə kökləniblər. Futbolda fərdi keyfiyyətlər çox önəmlidi, amma komanda oyunu da ön planda olmalıdı, çünki qələbəni komanda qazanır
– Hazırda siz “Neftçi”də çalışırsınız. Ola bilərmi, gələcəkdə “Neftçi”nin bəzi futbolçuları sizinlə birgə Hollandiyada hazırlıq keçsin?
– Çox gözəl fikirdi. Əgər AFFA dəstək verərsə, gələcəkdə belə bir layihə həyata keçirmək olar. Buna qədər isə müəyyən səviyyədə inkişafa nail olmalıyıq. Daha sonra dediyiniz fikrin reallaşmasına mən də öz köməyimi göstərə bilərəm. Məsələn, Cənubi Afrika Respublikasında işlədiyim müddətdə belə bir təcrübə olmuşdu. Oradan bir-neçə futbolçunu Hollandiyaya məşqlərə göndərmişdik.
– Holland həmkarlarınız buradakı fəaliyyətinizlə maraqlanırlarmı?
– Təbii ki, hollandiyalı həmkarlarımla söhbətim zamanı Azərbaycan futbolu barədə də danışırıq. İnanıram ki, yaxın gələcəkdə həmyerlilərim Azərbaycan futbolçularını Hollandiya çempionatında əyani olaraq görə biləcəklər.
– Yan Versleyenin Azərbaycandakı hədəfləri nədi?
– Hazırda 10-14 yaşlı futbolçular öz qızıl dövrünü yaşayır. Onlara ümidimiz böyükdü. Onların potensialını tam açmağa çalışırıq. Bu futbolçuları əsas komandaya və milli komandalar üçün hazır vəziyyətə gətirməliyik. Doğrudu bizdə hər yaş qrupuna uyğun ayrı komandalar var amma biz çalışırıq ki, futbolçu əsas komandaya mümkün qədər gənc yaşda gəlsin.
– Yeniyetmə futbolçulara nə tövsiyyə edərdiniz?
– Mən onların valideynlərinə tövsiyyə edərdim ki, futbola marağı olan uşaqlarını 6-7 yaşlarında olarkən futbola gətirsinlər. Daha sonra uşaqlarını məşqçinin öhdəsinə buraxsınlar. Onlara sərbəstlik versinlər. Qoy uşaqlar da futboldan zövq alsınlar. Belə olan halda inkişaf üçün düzgün təməl qoyulmuş olacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43