Müsahibə

“Neftçi”nin vitse-prezidentinə göndərmə: “Tahir Süleymanov iş gör, boş-boş danışma!” – MÜSAHİBƏ

Fəaliyyətini dayandıran "UltraNeftçi" fan-klubunun rəhbəri Ceyhun Əzizli idmanxeber.com saytına müsahibə verib. 

– Artıq xeyli müddətdir ki, səni stadionlarda görmürük. Yəqin ki, "Neftçi"nin son ev oyunlarında azarkeş cəhətdən problem yaşadığını bilirsən?

Artıq əvvvəlki kimi həvəsli deyiləm. Yenə də azarkeşliyimi edirəm. Bugünkü vəziyyət acınacaqlıdı. Bunun da bir çox səbəbləri var. 

– Yenidən stadionlarda gəlib "Neftçi"yə dəstək verməməyin nə ilə bağlıdı? Çünki siz hətta kubokun finalında belə stadionda "Neftçi"yə öz fan-klubunuzla dəstək oldunuz. Klubdan inciklik var, yoxsa işlərinlə əlaqədar gələ bilmirsiz?

Stadiona azarkeşin az gəlməsində birbaşa klub rəhbərliyini günahlandırıram. Xalq komandasını idarə etmək çətin bir işdi. Bu komanda xalqa aiddi. Şəxsən Tahir Süleymanovun səriştəsiz işlərini, boş-boş. danışmasının, insanları özünə qarşı antipatiya yaratmasının nəticəsidir ki, hal-hazırda stadiona azarkeşlər az gəlir. Süleymanov özü klubda rəhbər şəxslərdən biridi. Onun danışacağı, deyəcəyi hər söz diqqətlə izlənilir. Lakin o, mətbuata verdiyi açıqlamaları ilə azarkeşləri bezdirir. "Bizim Cavidimiz, Mirhüseynimiz, Tərlanımız var" – kimi bir sözü hər açıqlamada hallandırmaq lazım deyil, artıq bu cür sözlər azarkeşləri bezdirib. Bilirik də var, niyə təkrar edirsən ki? Tahir Süleymanov şablon sözlər deməsin, çalışsın, iş görsün. 

– Axı məsələ təkcə Tahir Süleymanovdan ibarət deyil. Orada başqa klub rəsmiləri də var… Ümumilikdə bu problemi başqa yöndə də həll etmək olar.

Süleymanov gedib azarkeşləri evindən çıxardıb, stadiona gətirəsi deyil. O, klubu idarə eliyənlərdən biridi. Gündüz Abbaszadə isə o klubda elə də önəmli adam deyil. Yəni, onun işi mətbuatladı. Qaldı Sadıq Sadıqov ki, məni də o vaxt qoymadılar onunla görüşüm, bu kimi problemləri deyim. Ona da yanlış informasiyalar verirlər. Yenə deyirəm, burda bu kimi işlərə Tahir Süleymanov baxmalıdı. Lakin o, azarkeşlərlər bağlı heç bir iş görmür. Klub azarkeşlərlə bağlı bir iş görməlidi. Yoxsa şablon açıqlamalar vermək lazım deyil. Bir neçə mətbuat işçilərini də reklamla təmin edib, onları susdurur. Mən əvvəlcədən də demişəm, onun gördüyü iş deyil. Haqq söz deyən kəslər günü-gündən azalır. Nə olacaq ki, çıxıb azarkeşlərlə bağlı bir iş, planlarını açıqlasalar? Tahir Süleymanova qarşı heç bir kinim yoxdur. Ancaq elə bir açıqlama verib, elə bir hərəkət etmək olar ki, 10 min adamın ürəyinə yol tapasan.. Bununla da azarkeşləri stadionlara gətirmək mümkün olar. Yoxsa şablon açıqlamalar, yalan vədlər, boş-boş söhbətlərlə "Neftçi"yə düşmən qazandırmaq lazım deyil. İnanın buna görə "Neftçi"nin düşmənləri çoxalır. 

– Azarkeşlərlə bağlı Süleymanova ünvanlanan suala o,  "gəlin futboldan danışaq" kimi açıqlama vermişdi. Bu açıqlamadan da belə çıxır ki, "Neftçi" azarkeşlərinə diqqət yetirmir. Səncə bu nə dərəcədə düzgün addımdı?

Mən həmişə demişəm, yenə deyirəm… Tahir Süleymanov Azərbaycan futboluna nə xidməti olub? Bəli, hakim olub, bəs klub rəhbəri kimi? Azarkeşlərin kluba belə küsməsinə görə, klubda olan 7-dən 77-yə hər kəs cavab verməlidi. 

-Ən böyük "Neftçi" fan-klubunun rəhbəri olmusan. Bugünkü durumda isə stadiona az sayda azarkeş gəlir. Bu problemi necə arada qaldırmaq olar?

Deyəcəm yenə deyəcəksiz ki, onun adını çəkdiz… Bu gün Tahir Süleymanovun gördüyü işin nəticəsi 500 azarkeşdi. Yəni o, nə iş görübsə cəmi 500 azarkeş oyunlara gəlir, ya yox. Ancaq o, daha yaxşı iş görsəydi, stadiona 7-10 min azarkeş gələrdi. Halbuki biz bunu illər öncə görmüşük. Azarkeşlərin ürəyinə yol tapmaq lazımdı, onları stadionlardan uzaqlaşdırmaq yox. 

– Bu emosiyadan gələn tənqiddi, yoxsa…

Xeyr, mən reallığı deyirəm. Siz, mətbuata baxın bir… Tahir Süleymanova sualları "mail"lə göndərirlər, cavabı 1-2 saata yazıb göndərir. Bu gün mətbuatın da durumu acınacaqlıdı. Bəziləri reklam almağı, satılmaq başa düşürlər. Reallıqları demirlər, qorxurlar. 

– Müsahibə boyu yalnız Tahir Süleymanovun adını çəkdin… (sözümü kəsir) 

Qardaş, pis başa düşməyin. Mən olanı deməliyəmsə deyirəm. Lazımdısa durum yalandan tərifləyim. Alınmır axı… Tahir Süleymanov nə danışdığını heç özü bilmir. "Neftçi"ni yalnız gözdən salmaqla məşğuldu. Ona azarkeş lazım deyil. O, istəyir ki, klub azarkeşsiz və ya az adam qarşısında çıxıb oyun keçirsin. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43