Ölkə futbolu

“Neftçi”nin yeni transferi: “Psixoloji olaraq gərgin olurduq”

“Qəbələ”nin və Azərbaycan millisinin futbolçusu Emil Səfərov İdmanxeber.az saytına müsahibə verib.

Növbəti mövsüm böyük ehtimalla karyerasını “Neftçi”də davam etdirəcək gənc oyunçu bölgə təmsilçisinin cari mövsüm çıxışından və digər məsələlər barədə danışıb.

– Mövsüm başa çatdı. “Qəbələ” Premyer Liqanı tərk etdi. Belə sonluq nə dərəcə gözlənilən idi?

Belə sonluğu heç kim gözləmirdi. Nə rəhbərlik, nə futbolçular, nə də azarkeşlər. Heç yatsaq yuxumuza girməzdi ki, sonuncu olacağıq. Amma belə alındı. Bundan sonra nəsə deməyin mənası yoxdu. Təəssüf ki, “Qəbələ” Premyer Liqadan getdi. Çox heyif ki, komandanı saxlaya bilmədik.

Komanda Premyer Liqadan düşəndən sonra ardıcıl 3 oyunda qalib gəldi. Niyə daha əvvəl alınmırdı bu oyun?

Əvvəllər niyə alınmadığını heç kim bilmir. Özünüz də görürdünüz ki, pis oynamırdıq. Neçə matçda hesabda irəlidə olmağımıza rəğmən, məğlub olduq. Sonra sonuncu olmağımız rəsmiləşdi. Sanki rahatladıq, təzyiq getdi üstümüzdən. Başladıq rahat oynamağa. Əslində həmin nəticələrlə komandanın əsl gücünü göstərə bildik.

– Səncə, bu nəticədə günahkar kimdi?

Günahkar tapılsa, nə dəyişəcək? Qaytaracaqlar bizi Premyer Liqaya? Artıq hər şey geridə qaldı. Nəticə yoxdursa, başda mən olmaqla hamımız günahkarıq.

– Belə sonluqla komandanın tarixinə keçdiniz. Bu, səndə gələcək üçün travma yarada bilər?

Hər şey zamanla unudulur. Amma kaş ki, belə olmazdı. “Qəbələ” bu yerə layiq deyildi.

– Son oyunlarda haqqında çıxan transfer xəbərləri fikrini yayındırdığı və yaxşı oynamadığın iddia edilirdi. Belə idi həqiqətən?

Ötən mövsüm də mənim barədə transfer xəbərləri çıxırdı. Amma bunlar mənə təsir etməyib. Bəli, mövsümün sonlarına doğru performansımda eniş oldu. Ancaq bu hansısa xəbərlərdən yox, təzyiqdən olurdu. Nə qədər uduzmaq olar? Bunlar oyunumuza çox təsir edirdi. Psixoloji olaraq gərgin olurduq, toparlana bilmirdik. İnanın ki, sonuncu sırada olmaq çox çətindir. Heç cür özünə gələ bilmirsən. Performansımdakı enişin səbəbi də bu idi.

– Transferdən söz düşmüşkən, “Neftçi” və “Qarabağ”ın səninlə maraqlandığı bəlli idi. Yəqin ki, seçimini etmisən…

Belə deyim, növbəti mövsümdən karyeramda yeni səhifə açacam. O dəqiqdir ki, “Qəbələ”də olmayacam. Ümid edirəm ki, hər şey daha da yaxşı olar. Təkliflərim var idi. Ölkə xaricindən də maraqlanan oldu. Amma hələ ki, Azərbaycanda oynamağa üstünlük verdim. Bir-iki günə seçimimi edəcəm. Qərarımda müxtəlif səbəblər var, onları açıqlaya bilmirəm. İnsanlar başqa şeylər düşünə bilər. Əvvəlcədən deyim ki, məsələ maddiyat deyil. Bu barədə çox danışmaq istəmirəm. Xeyirlisi nədirsə, o olsun.

– Premyer Liqadan düşən “Qəbələ” azarkeşlərinə nə demək istəyirsən?

Nəsə demək də çətindi. Deyəcəklər ki, komandanı salıb getdiniz. Amma kim belə olmasını istəyərdi? “Qəbələ” mənim evim, ailəm olub. Bu klubun hər zaman ürəyimdəki yeri ayrıdı. Amma onlar qayıdacaqlar. Hamımız buna inanırıq. Biz olsaq da, olmasaq da, “Qəbələ” yenidən Premyer Liqada olacaq. Çünki klubu daima sevən, ona hər zaman dəstək olan azarkeşləri var.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43