Premyer Liqa

“Neftçi”ylə oyunda “qol orucunu” pozdu

“Rəvan” Topaz Premyer Liqasının X turunda “Neftçi” ilə qarşılaşdı. “Bakcell Arena”da keçirilən qarşılaşmada komanda hesabı açsa da, üstünlüyünü sona qədər qoruya bilmədi və sonda məğlub oldu. Oyunu bir sıra maraqlı məqamlarla yadda qaldı. İlk öncə onu vurğulayaq ki, indiyədək bu komandalar arasında keçirilən oyunlarda hesabı açan tərəf qol buraxmadan qalib gəlirdi. Amma bu dəfə “Rəvan” hesabı açsa da, “Neftçi” 3 xal qazandı. Yəni ənənə pozuldu.

“Neftçi” ilə oyunda “Rəvan”ın tarixi ərzində bütün turnirləri nəzərə almaqla keçirdiyi 130-cu rəsmi görüş oldu. 48 məğlubiyyət fonunda 55 qələbənin olduğunu da bildirək.

Premyer Liqada 20-ci səfər məğlubiyyətini alan “Rəvan” elitada vurduğu topların sayını 90-a çatdırdı. Komandanın yarandığı gündən bəri rəqib qapısından keçirdiyi 185-ci qolun müəllifi kimi də yadda qalan Xuan Manuel Varea isə axır ki “şeytanın qıçını qırdı”. Cari mövsüm ilk dəfə fərqlənən argentinalı forvard bununla həm də 878 dəqiqəlik qol həsrətinə son qoydu. Məhz bu qədər müddətdə o meydanda olsa da, rəqib qapısına yol tapa bilməmişdi. Başqa sözlə, Varea 168 günlük həsrətə son qoymuş oldu. Çünki buna qədər sonuncu qolunu o, ötən mövsümün sonlarında – mayın 4-də “Sumqayıt”a qarşı matçda vurmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43