Milli komanda

Nikola Yurçeviç: “Beyl kimi futbolçunu gərək iki nəfər tutsun”

FutbolPressAVRO-2020-nin seçmə mərhələsində sabah Uels millisini qəbul edəcək Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə görüş barədə fikirlərini bildirib:

– 5 gündü toplanışdayıq. Əhval ruhiyyə yaxşıdı. Macarlarla oyunda da belə idi. O matçakı kimi bu dəfə də zədəlilərimiz var. Maksim Medvedevin oynanaq ehtimalı azdı. Rüfət Dadaşov, Mahir Emreli zədə səbəbindən yoxdu. Eddi İsrafilov bizə qoşula bilmədi. Oyunlarımızda müəyyən qədər bəxtimiz də gətirməyib. Ümid edirik ki, qarşıdakı görüşlərdə yaxşı nəticə qazanacağıq.

– Heyətə yeni qoşulanlar əvvəlki oyunçuları əvəz edə biləcəkmi?
– Hazırda problemli oyunçularımız əsas heyətdə olanlardı. Onları əvəz etmək asan deyil. Ancaq inanıram ki, onların yerinə gələnlər bunu bacaracaq.

– Sabahkı oyunda nəyə ümid edirsiz ki, bu, sizə qələbə qazandıra bilər?
– Ümidli edən son 4 oyunun təhlilidi. Uelslə oyunda 85 dəqiqə 1 xala oynadıq. Son dəqiqələrdə xal itirdik. Xorvatiya ilə matçda xal qazana bildik. Macarıstanla görüşdə son 15 20 dəqiqədə qol vura bilərdik. Ancaq bütün dünya da gördü ki, hakim bizim xalımızı oğurladı. Bəhreynlə matçda uşaqlar çox isti olsa da, qələbə qazandılar. Bunlar bizim gələcək oyunlara ümidlə baxmağımıza gətirib çıxarır.

– Heyəti nə üçün oyundan əvvəl açıqlamırsız?
– Ümumi götürsək, burda bir sirri saxlamaq kimi niyyətim yoxdu. Sadəcə, qeyri müəyyənlik var. Məsələn, Maksimin oynayacağını hələ bilmirik, son məşqdən sonra bilinəcək.

– Cavid Hüseynovun millidə olması birmənalı qarşılanmır. Klubunda da yaxşı çıxış etmir.
– Cavid son oyunlarda bir neçə dəqiqə oynayıb və kömək edib. Kimin nə vəziyyətdə olması ilə bağlı məlumatlanıram. Bura çağırılan oyunçuların hamısı komandalarında əsas heyətdə oynamır. Rəşad Eyubovu çağıra bilmədik, Eddidə problem yarandı. Yeni oyunçular çağırmaq bizim üçün də asan deyil. Cavidin böyük təcrübəsi var və ən azı 30 dəqiqə meydanda komandaya kömək edə bilər.

– Slavik Alxasovun kənarda qalması nəylə bağlıdı?
– Slavik yaxşı oyunçudu, yüksək xarakteri var. Onun bəxtinin gətirməməsinin səbəblərindən biri də bu mövqedə Anton, Təmkin, Şəhriyar var. İndi çağırılmırsa, o demək deyil ki, millinin qapıları üzünə bağlıdı. Bəlkə də, gələcəkdə onu millidə görə bilərik.

– Hücumun sağ cinahına konkret kimi düşünürsüz?
– Cinah yarımmüdafiəçinin sağ və ya sol olması böyük fərq etmir. Məsələn, Ağabala Ramazanov cinahda da oynaya bilir, mərkəzdə də. Sabah kimin əsas heyətdə meydana çıxacağını görəcəyik. Digər tərəfdən də bir oyunçunun meydana çıxması tək hücumda nə verəcəyi ilə bağlı deyil. Müdafiəyə də kömək etməlidi. Uelsin sağ cinahı güclüdü. Onun da qarşısını almalıyıq. Beyl kimi oyunçuları gərək iki nəfər tutsun.

– Sabah Elvin Camalov və Vüsal İsgəndərlidən hansını meydanda görə bilərik?
– Ola bilər ki, hər ikisi də olsun. Və ya heç biri olmasın. Onların məşqdə göstərdiyi performansdan məmnunam. Vüsal da pozitiv oyunçudu. Rəqibləri narahat edəcək bir tipdi. Hər halda inanıram ki, bu iki oyunda meydanda olmasalar belə, millinin gələcək oyunçularıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43