Müsahibə

Nizami Hacıyev: “180 illik yubiley də olsa, yenə bu qədər azarkeş gələcək”

Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi” öz meydanında “İnter”i 2 – 1 hesabıyla məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra “İnter”in kapitanı, komandanın yeganə qolunun müəllifi Nizami Hacıyev əməkdaşımızın suallarını cavablandırıb:

– Yaxşı, baxımlı oyun keçdi. “Neftçi” yaxşı qollar vurdu, bizim yaxşı şanslarımız oldu. Əfsuslar olsun ki, şanslarımızdan maksimum istifadə edə bilmədik və məğlub olduq. Mən deyərdim ki, oyunda ədalətli nəticə heç-heçə olardı. Amma bu gün idman xoşbəxtçiliyi “Neftçi”nin tərəfində idi və bu qələbə münasibəti ilə rəqibi təbrik edirəm.

–  “Neftçi”nin oyununda hansısa dəyişiklik görürsənmi?

– Etiraf etmək lazımdı ki, bu gün “Neftçi” çox yaxşı futbol oynayır. Bunu sizə futbolçu kimi deyirəm, “Neftçi”nin gücünü meydanda hiss edirəm. Düzdü, çox da güclü deyildilər. Amma nəticələri göz qabağındadır. İnkişaf var və “Neftçi” ötən ilki komanda deyil.

– “Neftçi” bu gün 80 illik yubileyini qeyd etsə də, tribunalar yenə boş idi…

– Bizdə həmişə belə olub. 180 illik yubiley də olsa, belə olacaq. Əfsuslar olsun ki, biz meydançalarda azarkeşsiz mübarizə aparırıq. Biz də istəyərik ki, azarkeşlər meydanda olsun, dəstək versinlər.

– Bu məğlubiyyətdən sonra “İnter”in Avrokubok şansı azalmır?

– Deməzdim. Sadəcə, bizə bir və ya iki oyun qələbə lazımdı ki, bunu da əldə edəcəyik.

– Bu gün də qol vurdun. Sanki milliyə dəvət almamağın sənə daha yüksək motivasiya verib…

– Baş məşqçinin dəvət göndərməməsi göstərir ki, hələ hazır deyiləm. Və mən də Prosineçkiyə sübut etmək istəyirəm ki, hazıram. Hər şey göz qabağındadı, nə edim?! Mən özümü sübut etməyə hazıram və edəcəm də.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43