Müsahibə

Nizami Hacıyev: “Vurduğum hər qol Robert Prosineçkiyə hədiyyə olsun” – MÜSAHİBƏ

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində "Dalğa Arena"da Serbiya "Mladost"unu məğlub edən "bankirlər"in kapitanı Nizami Hacıyev İdmanxeber.com-a müsahibə verib. Komandasının 2-ci qolunun müllifi olan yarımmüdafiəçi maraqlı açıqlamaları ilə diqqət çəkib.

– Nizami, qələbə münasibəti ilə sizi təbrik edirik…
– Çox sağolun, minnətdaram.

– Oyun haqda düşüncələrin nədi?
– Cavab qarşılaşmasına daha ciddi hazırlaşmışdıq. Çünki ilk matçdakı oyun bizi qorxudurdu. Ona görə ki, səfərdə vurduğumuz 3 qoldan 2-si standart vəziyyət idi. Rəqib də bizdən üstün oyun nümayiş etdirmişdi. Bu səbəbdən rəqibdən çəkinirdik. "Mladost"un oyunçularının standart vəziyyətlərdə hava ötürmələri çox təhlükə yaradırdı. Lakin şükürlər olsun ki, Bakıdakı oyunda rəqibə heç bir şans vermədik. Lazım olan qolu da vaxtında vurduq.  Üzərimizə düşən vəzifəni lazımınca yerinə yetirdik. İstənilən halda "Mladost" pis komanda deyil.

– Rəqibin heyətində Pejoviçin qırmızı vərəqə alması, nəticəyə nə dərəcədə təsir etdi?

–  Mən deməzdim ki, bu oyunun gedişinə öz təsirini göstərdi. Onsuz da 1:0 hesabı ilə öndə idik. Düşünürəm ki, qırmızı vərəqə olmasaydı, yenə qalib gələcəkdik. Uduzan komandanın itirəcəyi bir şey olmur. Bu səbəbdən hər kəs hücuma atılır. Həmin vaxt biz onların boşluqlarını yaxalaya bildik və ikinci qolu vurduq. Qırmızı vərəqə epizoduna gəlincə, kobud oynayan futbolçu qırmızı alar də, bəs biz niyə almadıq? Normaldı, bu futbolun içində olan bir hadisədi.

 

– Növbəti mərəhələki rəqibiniz Lüksemburqun "Fola" kollektivi olacaq. Bu oyun haqda nə düşünürsən?

– II mərhələdəki matç daha ciddi olacaq. Birinci turda rəqiblər daha zəif olur. Lakin növbəti mərhələdə gücsüz komanda demək olar, olmur. Əgər birinci oyunda qalib gəliblərsə, demək zəif kollektiv deyillər. İstənilən halda, rəqibin kimliyindən asılı olmayaraq oyuna ciddi hazırlaşmalıyıq. 

 

– Avropa Liqasındakı öz oyununu necə dəyərləndirirsən?

– Məndə belə bir xasiyyət var ki, çempionatın əvvəlinə tam adaptasiya ola bilmirəm. Bir neçə turdan sonra öz oyunumu tapıram. Ola bilsin, hazırda tam formada deyiləm. Ancaq mənə vaxt lazımdı. Ancaq ötən ilki oyunumuz göz qabağındadı. Vurduğum qollarla komandanı layiqincə təmsil etmişəm. 

 

– Göstərdiyin oyunla milimizin baş məşqçisi Robert Prosineçkiyə hər hansı bir cavab verdiyini düşünürsən?
– Milli komandaya futbolçu dəvət edənlər buna baxmalıdı. Yəni, mənim mövqeyimdə olan futbolçuların statistikalarına, onların sərgilədiyi oyunlara baxıb, götür-qoy etməlidilər. Ancaq əfsuslar olsun ki, belə bir şey yoxdu.  Ona görə də, bundan sonra "İnter"i fikirləşib, 5-10 manat pulumu qazanmağa çalışacağam. "İnter" mənim üçün daha önəmlidi. Amma yenə də, heç kim fikirləşməsin ki, Nizaminin 29 yaşı var, artıq gecdi və s.  Hər şey göz qabağındadı. Qolumu vurmuşam, İnşallah, bundan sonra da davamını gətirəcəm. Qoy görsünlər ki, kim nəyə layiqdi. Mən yığmanın məşqçilər korpusuna hər hansı bir ismarıc göndərmək fikrində deyiləm.  Öz oyunumla nəsə deyə bilərəm. Mənim hər qolum millimizin məşqçisi Robert Prosineçkiyə hədiyyə olsun. Çalışacağam ki, daha da artırım. əgər yaxşı oynayıramsa, gözəl futbol nümayiş etdirirəmsə, bu həm özüm, həm də onlar üçündü. Nəticə vermək mənim özüm üçün lazımdı. Məndə yaxşı oynamaq istəyirəm ki, mənə inanmayanların başı aşağı olsun.

Hidayət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43