Ölkə futbolu

“Norveç hökümətinin bu qərarı irqçilikdi” – Nurlan İbrahimov

Norveç hökuməti UEFA-nın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Mölde”nin oyunçularına geri qayıtdıqdan sonra karantində saxlanılmaması barədə xahişini rədd edib.

“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov İdmanxeber.az-a açıqlamasında Norveç hökümətinin bu qərarını irqçilik adlandırıb. Klub rəsmisi məsələyə belə münasibət bildirib:

“Bu qərarla az öncə tanış olduq. Norveç hökumətinin bu qərarı irqçilik və bərabərlik hüququnun pozulmasıdır. Bu necə ola bilər ki,  Avstriya yığması Millətlər Liqasının oyunu üçün Norveçə gedəndə karantində saxlanılmalı idi. Ancaq bu baş vermədi. Eləcə də Norveç yığmasının oyunçular dünən Şimali İrlandiyadan qayıdandan sonra da karantinə alınmayıb. Onlar bunu Avropa Birliyi ölkələri üçün istisna kimi qəbul etdilər. Bu haqsızlıqdı.

UEFA-nın ən önəmli şüarlarından biri bərabərlikdir. UEFA bayrağı altında olan bütün ölkələr də bərabərdir. Digər bir amil isə irqçilikdir. Norveç hökumətinin sadəcə Avropa Birliyi ölkələrinə giriş-çıxış icazə verməsini biz irqçilik və bərabərlik hüququnun pozulması kimi qəbul edirik. Artıq neçə gün keçib. Təbii ki, Norveç hökumətinin bu qərarı “Molde”nin maraqlarına xidmət edir. İnanırıq ki, UEFA sonda ədalətli qərar verəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43