Kateqoriyasız

Nurlan İbrahimov: “AZAL-ın “Neftçi”ni məğlub etməsi gözlənilməz deyildi” – VİDEO

“36 turluq marafon 18 tur sonra “Qarabağ”ın qış fasiləsinə lider kimi yollanması sevindirici haldır. Bu futbolçularda daha nikbin əhval ruhiyyənin yaranmasına səbəb olacaq. Bununla belə hələ hər şey bitməyib. 18 tur qalıb. “Qarabağ”ın Avroliqada mübarizəyə daha erkən başlayıb daha çox yorulduğunu nəzərə alsaq fasiləyə lider kimi yollanmaq bizim üçün yaxşı haldır”.

Bu sözləri “İnter”i məğlub (2:0) etdikləri matçdan sonra “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

İbrahimov çempionluq yarışında ən böyük rəqibləri olan “Neftçi”nin AZAL-a məğlub olmağının onlar üçün heç də gözlənilməz olmadığını bildirib: “Hər tur rəqiblər xal itirir. Bu tur da istisna olmadı. Biz iki dəfə AZAL-la, iki dəfə “Simurq”la və iki dəfə də “Rəvan”la oyunda xal itirmişik. Bu baxımdan AZAL-ın “Neftçi”ni məğlub etməsi gözlənilməz deyildi”.

Komandanın daha zəif rəqiblərə qarşı inamsız çıxışını da şərh edən İbrahimov, “Güclü rəqiblər çempionluğa oynadığı üçün “Qarabağ”a meydanda boş zonalar verirlər. Xal itirdiyimiz oyunlarda isə rəqib bir xal üçün meydana çıxır. Nəticədə bizim oyunumuzu çətinləşdirir. Qeydə alınan nəticələri bununla əlaqələndirməyimiz mümkündür” – deyib.

Son olaraq klubun transfer planları barədə də danışan İbrahimov qapıçıdan başqa bütün mövqeylərə transfer edə biləcəklərini bildirib: “Qurban müəllim qapıçıdan başqa bütün mövqeylərə transfer etməyi planlaşdırır. Uzun müddətdir izlədiyi futbolçular var. Yaxşı futbolçuların klubları ilə müqaviləsi olduğu üçün qışda transfer reallaşdırmaq çətindir. Bununla belə Qurban müəllim bir və ya iki transfer etməyi planlaşdırır. Yerli futbolçuların əksəriyyətinin müqaviləsi var. Gələn futbolçular da böyük ehtimalla legioner olacaq”.

sportlife.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43