Kateqoriyasız

“Onlar da ən azı bizim qədər həyəcanlı olurlar” – “Turan Tovuz”un futbolçusu

“Oyunu ciddi hazırlaşmışdıq. Yarımfinala çıxmağı çox istəyirdik. Şükür ki, bizə də qismət oldu. Qarşılaşmaya yaxşı başladıq, hesabda iki sıfır önə keçdik. Ancaq daha sonra səhvlər etdik və iki qol buraxdıq. Bununla sanki rəqibə motivasiya vermiş olduq. İkincİ hissə isə tamamən nəticəyə oynadıq”.

Bu sözləri idmanxeber.az saytına “Turan Tovuz”un qapıçısı Tərlan Əhmədli Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilmiş “Kəpəz” matçı (2:2) barədə danışarəkən deyib.

28 yaşlı futbolçu görüşün son dəqiqələrində Gəncə təmsilçisinin penalti gözlədiyi epizoda da münasibət bildirib. O, nəticənin tam ədalətli olduğunu vurğulayıb:

“Açığı, ilk görüşdə də, evdəki matçda da qələbə qazanmağa layiq bizdik. Son dəqiqələrdəki epizoda diqqətlə baxanda topun rəqib futbolçunun əlindən gəldiyi görünür. Cərimə meydançasında Sadiq ilk öncə topa müdaxilə etmişdi. Rəqib penalti almaq üçün özünü yerə atdı. Deyərdim ki, hakim düzgün qərar verdi”.

Əhmədli qarşılaşmanın ardından meydanda baş verən davadan da söz açıb. O, buna səbəb kimi “Kəpəz”in futbolçusunu göstərib:

“Orada topu saxlayırdım ki, futbolçu gələn kimi əlimə götürüm. “Kəpəz”in futbolçusu isə topu götürəndən sonra məni arxadan bilərək vurdu. Səhv etmirəmsə, Mixeil Erqemlidze idi. Ondan sonra da dava düşdü. Azarkeşlər də istər-istəməz buna reaksiya göstərdi. Onlar da kənarda ən azı bizim qədər həyəcanlı olurlar. Futbol emosiyalar oyunudur. Sonra hüquq mühafizə orqanlarının əməkdaşları və bizim sayəmizdə azarkeşlər də sakitləşdilər”.

Yarımfinalda “Neftçi” ilə görüşəcəklərinə də toxunan təcrübəli oyunçu hələlik bu barədə düşünmədiklərini bildirib:

“Neftçi” – “Zirə” matçına kollektiv şəklində baxdıq demək olar. Açığı, hər iki komanda da güclü idi. Əsas odur ki, biz yarımfinala çıxdıq. Bundan sonra nə olacağını görəcəyik. İndi isə çempionat oyunu barədə fikirləşirik”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43