Ölkə futbolu

“O səhv olmasaydı, “Zirə” bizə qol vura bilməyəcəkdi” – Fərid Nəbiyev

“Çox çətin görüş oldu. Oyun boyu üstünlük bizdə idi. Çoxlu epizodlarımız olsa da, yalnız birindən istifadə edə bildik. “Zirə”yə qarşı heç də pis çıxış etmədik. Sadəcə imkanlardan istifadə etmək lazım idi. Bir çox oyunlarda olduğu kimi yenə də cuzi səhvlərdən qapımızda qollar gördük”.

Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un futbolçusu Fərid Nəbiyev “Zirə” görüşü (1:2) barədə danışarkən deyib. O, komandasının buraxdığı ikinci qolda qapıçı Aydın Bayramovun səhvinə də toxunub:

“O səhv olmasaydı, “Zirə” bizə qol vura bilməyəcəkdi. Amma oyunu yalnız Aydının səhvi üzərindən dəyərləndirmək istəmirəm. Bu, doğru olmaz. Hər futbolçu səhv edir. Nəticəyə bütün komanda cavabdehdi. Bundan sonra qarşıdakı oyunlara baxacağıq.

Biz heç vaxt avrokubok iddiasında olduğumuzu deməmişik. Hər oyuna qələbə üçün çıxırdıq. Qarşımıza belə bir məqsəd qoyulmamışdı. Son 3 oyundur məğlub oluruq. Bunun xüsusi bir səbəbi yoxdur. Sadəcə, oyunumuz alınmadı. Azarkeşləri də başa düşürük. Onların təpkisi barədə çox danışmaq istəmirəm”.

24 yaşlı yarımmüdafiəçi “Turan Tovuz”da qalıb-qalmayacağı barədəki sualı belə cavablandırıb:

“Hələlik dəqiq bir şey yoxdur. Rəhbərliklə danışmışıq, amma mövsüm sonu məsələyə aydınlıq gələcək. Qalmaq və ya getmək barədə dəqiq bir şey yoxdur. Müzakirə yalnız maaş məsələsi deyil. Bir neçə klubdan təkliflərim var. Amma mövsüm sonu bu barədə danışmaq olar. İndi bütün diqqətim “Turan Tovuz”dadır”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43