Kateqoriyasız

“Olimpiakos” oyunu 80-90 faiz məsələni həll edəcək – sabiq “Qarabağ”lı

“Hamı fikirləşir ki, səfərdə 3:0 hesabı ilə qalib gəlmişik deyə, evdəki oyun asan olacaq. Ancaq Bakıdakı qarşılaşmanın daha çətin keçəcəyini düşünürəm”.

Bu sözləri İdmanxeber.az saytına bir dönəm Ağdam klubunun formasını geyinmiş Elvin Yunuszadə UEFA Avropa Liqası qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Olimpiakos” görüşü barədə danışarkən deyib.

30 yaşlı futbolçu Yunanıstan təmsilçisinin cavab matçında daha yaxşı çıxış edəcəyini bildirib:

“Olimpiakos” indi ikiqat motivasiyalı oynayacaq. Onların artıq xal itirməyə şansları yoxdur. Qarşılaşmaya daha fərqli hazırlaşacaqlar. “Qarabağ”ın Bakıdakı “Olimpiakos” oyunu “açar matç” sayılır. Düzdür, komandamızın səfərdəki performansı cavab görüşü üçün də böyük ümidlər yaradır. Mən də yaxşı nəticə qazanacağımızı düşünürəm. Bu oyun 80-90 faiz məsələni həll edəcək. Əgər “Qarabağ” qalib gəlsə, çox şeyə aydınlıq gələcək. Qarşıda “Nant” və “Frayburq” oyunları da var. Ancaq hələlik diqqətlər bu matçdadır. Öncə “Olimpiakos”u Bakıda məğlub edib daha sonra digər iki qarşılaşma haqda danışa bilərik”.

“Qarabağ” – “Olimpiakos” oyunu oktyabrın 13-ü saat 20:45-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43