18 Oktyabr 2021
Kateqoriyasız

“Onlar xoşbəxt deyillər” – Frits Ştuxlik

AFFA-nın Hakimlər və Hakim İnspektorlar Departamentinin avstriyalı sədri Frits Ştuxlik ölkəsinin mətbuatına müsahibə verib. 54 yaşlı mütəxəssis əvvəlcə koronavirusla bağlı Bakıdakı vəziyyətdən danışıb.

 

– Pəncərədən baxanda, Xəzər dənizinin sahilində yalnız qolf maşını ilə hərəkət edən polis işçilərini görürəm. Bakıda açıq otellər çox azdır. Onların bəziləri xəstəxanalar dolacağı təqdirdə, potensial xəstələr üçün təcili yardım otaqlarına çevrilib. İctimai həyat tamamilə dayanıb. Nəqliyyatın yalnız icazə verilən bir hissəsi nəzarət postları olan şəhər küçələrində hərəkət edir. Fevralın sonunda UEFA seminarı üçün Vyanda olmuşdum. Yenidən vətəninə nə vaxt qayıdacağını bilmirəm. Hazırda şüarım belədi – gözlə və gör!”

 

– Xarici İşlər Nazirliyi bütün avstriyalıları ölkəyə qaytarmağa çalışır. Niyə siz hələ də Bakıda qalmısınız?

– Burada iki məqam var. Birincisi, Avstriyaya qayıtsam, 2 həftəlik karantində olacağam. Sonra yenidən Azərbaycana gəlsəm, məni 14 günlük və ya daha uzun müddətlik karantin gözləyir. İkincisi, futbol yenidən başlasa, Azərbaycanda olmalı idim. Çünki AFFA qarşısında öhdəliklərim var.

 

– Hökumət və ya səfirliklə əlaqə saxlayırsınız?

– Avstriyanın Bakıdakı səfirliyi daim mənimlə əlaqə saxlayır və bütün lazımi məlumatları alıram. Səfirlik əla işləyir. Hamı əlindən gələni edir.

 

– Azərbaycanda koronavirus hansı sürətlə yayılır?

– Son hesabatlar elə də narahatedici deyil. Hər gün təxminən 50 yeni yoluxma halı qeydə alınır. Əhalisi 10 milyondan çox olan ölkə üçün bu, dramatik göstərici deyil. Bununla belə, hökumət yoluxmanın arta biləcəyindən narahatdı və bir sıra tədbirlər görülüb. İdman və digər tədbirlərə qoyulan qadağalarla yanaşı, sistem əhəmiyyətli işlərdə çalışmayan insanların işə getmələrinə icazə verilmir. Ölkədə karantin rejimi tətbiq olunur. Yaşayış yerinizi SMS-lə əvvəlcədən qeydiyyata alındıqdan və sonrakı icazədən sonra tərk edə bilərsiniz. Şərtlər çox sadədir. Gün ərzində yalnız bir dəfə 2 saat ərzində marketə gedə və ya yarım saat gəzə bilərsiniz. Bu müddətdə həmçinin tibbi yardım almaq, həkimə və ya aptekə getmək olar. SMS-ə dərhal cavab verilir və ondan küçədə polis sizi saxlayarsa, yoxlamaq üçün istifadə olunur.

 

– Premyer Liqa və I Divizionda neçə oyun qalıb?

– Premyer Liqada hələ 8 tur var. Həmçinin ölkə Kubokunun yarımfinal və final matçları da qalıb. Oyunların hansı şəraitdə keçirilməsi haqda nəsə demək çətindi. Turnir cədvəlində komandalar bir-birilərinə yaxındı. Demək olar ki, “Qarabağ” son 6 ildəki kimi çempion olacaq. Bu komandanı avrokubok zonasında yer alan “Neftçi” və “Keşlə” izləyir. Bu mövsüm Premyer Liqanı tərk edən olmayacaq. Çünki növbəti mövsümdən komanda sayını 8-dən 10-a yüksəltməyi planlaşdırırlar. Çempionatı bərpa etmək mümkün olmasa, bu, əslində, yaxşı məqamdı.

 

– Çempionatlarda yaranmış məcburi fasilə hakimlər üçün hansı çətinlikləri yaradır?

– Çatışmazlıqlardan biri budur ki, futbol sahəsində çalışan hər kəs matçları izləməyi və oyunlarda iştirak etməyi sevir. Əlbəttə, hakimlərin də problemləri ondadır ki, hazırkı məqamda yalnız məhdud çərçivədə məşq edə bilirlər. Onlar xoşbəxt deyillər. Çünki idmanla məşğul olmağı sevirlər və həftədə 3 dəfə məşq edirdilər. Həmçinin həftədə bir dəfə texniki təlim keçməli idilər. Hazırda isə bütün bunlar tətbiq olunmur. Videokonfrans formatında fərdi məşq edirlər və ya texniki təlim olur. Azərbaycanda hakimlər müqavilə bağlamırlar. Onların 95 faizi qonorar hesabına dolanırlar. Vəziyyətlə bağlı dövlət onlara dəstək olur. Bu isə o deməkdir ki, vergi ödəyən hamı və futbol assosiasiyasından mükafat alan hər kəs dövlətin dəstəyini alır. Bundan başqa, AFFA 2019-cu ilin yayından bu yana hakimlik edən şəxslərə pul verəcək. Hətta bu, o vaxtdan oyun idarə etməyənlərə də şamil olunur. Çünki hazırda çempionatların dayanması onların günahı deyil.

 

– Premyer Liqanın bərpası üçün telekanallar qarşısında hər hansı öhdəliklər varmı?

– Azərbaycanda teleyayım məsələsi çempionatın bərpası üçün həlledici amil sayılmır. Yeganə sual insanların kütləvi şəkildə bir yerə toplaşacağı halda Azərbaycan hökuməti təhlükəni necə qiymətləndirəcəkləri iə bağlıdı. Buna baxmayaraq, açıq şəkildə söyləmək lazımdır ki, əvvəlki turlarda çempionat oyunlarını izləyənlərin sayı çox deyildi və gələcəkdə də bunun əhəmiyyətli dərəcədə artmayacağı dəqiqdir. Problem ondadır ki, futbol kimi komanda oyunlarında fiziki təmas olur, bu isə yoluxma riski deməkdi. Müvafiq qurumlar vəziyyəti qiymətləndirib futbol federasiyasına bildirəcəklər. Hazırda məsələ açıq olaraq qalır, hər hansı həll yolu yoxdu. Ona görə də AFFA həftənin sonunda nə olacağını gözləyir. Bu vaxta qədər ölkədə karantin rejimi qüvvədə olacaq. Aprelin 19-dan sonra ölkədəki vəziyyət nəzərdən keçiriləcək.

 

– Belarus və Tacikistanda pandemiyaya baxmayaraq, çempionat keçirilir. Azərbaycanda bu, necə qəbul olunur?

– Həmin atomosferi hiss edirəm. Çünki evimdəki telekanallardan biri Belarus çempionatını canlı göstərir. Həftəonu 2 oyuna baxdım. Onların sayəsində futbolu yaşayırıq. Amma düşünmürəm ki, bu, Azərbaycan üçün nümunə ola bilər. Futbolun dayandırılması məsələsinə gəlincə, AFFA bu məsələdə çempionatlarını müvəqqəti olaraq təxirə salan UEFA-ya üzv digər ölkələrdən nümunə götürdü. İnanmıram ki, virus Belarus, Tacikistan və ya Türkmənistanın sərhədlərini keçə bilmir. Amma hər bir ölkə qərar verməkdə sərbəstdi. İnanıram ki, Azərbaycan ilk növbədə insanların sağlamlığını qoruyan Avropa yolunu izləyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Təmsilçimiz ÇL-də növbəti oyununu keçirdi

admin

“Qarabağ” “Bazel”lə heç-heçə etdi

admin

Çempionlar Liqası: ilk yarımfinalçılar məlum oldu

admin