Kateqoriyasız

“Onlara bildirmişəm ki, biz hələ heç nə etməmişik” – Ayxan Abbasov

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 7-ci turunun oyununda səfərdə “Sabah”a 1:3 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

– Allah şəhidlərlərimizə rəhmət eləsin, ailələrinə səbr versin. Oyuna gəldikdə isə, “Sabah”ın gücü bəlli idi, iddialı komandalarımızdandır. Təəssüf ki, oyuna yaxşı başlaya bilmədik. Qırmızı vərəqədən sonra oyun planımız pozuldu və rəqib bundan istifadə etdi. İkinci hissədə futbolçularım həqiqətən yaxşı mübarizə apardılar, qol da vurduq. Bəlkə də gücümüz qalsaydı, sonda ikinci qolu da vura bilərdik. Belə oyunlar bizim üçün yaxşıdır. Gənc futbolçular var, belə matçlarda inkişaf edəcəklər. Çempionatda fasilə yaranacaq. Gələn ay sıx qrafikdir. Səhv etmirəmsə, beş oyun olacaq. Bu fasilədən səmərəli istifadə edib hazırlaşacağıq.

– Demək olar ki, gözlədiyiniz “Sabah”ı görmədiz?

– Bu gün “Sabah”ın ciddi itkiləri var idi. Rəqib haqda çox danışmayım. Gerçəkçi olmaq lazımdır, futbolçularımız hücumların qarşısını ala bilirdilər. Kaşuk və Letiç cinahlarda yaxşıdırlar. Orada da yaxşı ola bilsəydik, demək olar ki, təhlükə yox idi. Amma yenə də ustalıq öz sözünü dedi. Mövsüm uzundur. Onların da bizim də düşüşü, yaxşı oyunları olacaq. Gələn oyunlarda xal qazanmağa çalışacağıq.

– İkinci məğlubiyyətinizdir. İkisində də oyunçunuz qırmızı vərəqə almışdı. Bu haqda nə deyə bilərsiz?

– İkisi də iyun epizodu idi, bir az sərtlik var. Nizam-intizamla bağlı bir şey olsaydı, bizi narahat edərdi. VAR sisteminin gəlişi ilə çempionatlarda qırmızı vərəqələrin, penaltilərin sayı çoxalıb. Normaldır. Amma “Qəbələ” ilə oyunda sərtliyin şiddəti o qədər də deyildi. Bu gün isə şiddət var idi. Bir az ehtiyatlı olmalıyıq. Çünki, “Sabah”a qarşı 10 nəfərlə oynamaq çox çətindir.

– Turan Vəlizadənin oynamamağının səbəbi nədir?

– Rotasiyalar olur. Zədəsi yoxdur. Gənc futbolçularımiz çoxdur. İstəyirik ki, onlara da şans verək. Növbəti oyunlarda da rotasiyalar edəcəyik.

– Ardıcıl qələbələr qazandız. Bu, futbolçularda arxayınlıq yaratmışdı?

– Xeyr, deməzdim. Futbolcuların məşqdə, bu gün oyunda istəkləri göstərir ki, elə deyil. Onlara bildirmişəm ki, biz hələ heç nə etməmişik. Öz gücünüzə yaxın komandalara qalib gəlmək yaxşıdır. Bu matçlarda xal ehtiyatımızı artırdıq. Bu, futbolçuların inkişafı üçün vacibdir. Çünki, məğlub olanda psixoloji durum yaxşı olmur.

– Hakimə kəskin etiraz edirdiz. Bunun səbəbi nə idi?

– Böyük etirazım ona idi ki, sanki, qərar verə bilmirlər. Görürük ki, Avropada daha tez qərar verirlər. Yəqin ki, yenidir, ona görə belə olur. İlk hissədə 10 dəqiqə oyun dayandı. İkinci hissədə epizodlar oldu ki, sarı vərəqə vermədi.

– Mövsüm başlayandan qapıda Tərlan Əhmədliye şans verirsiz. Daha təcrübəli Kamal Bayramovun oynamaq ehtimalı var?

– Kamala böyük güvənimiz var. O, bizim kapitanlarımızdandır. Mövsüm ərzində ona da şans verəcəyik. Tərlan və Kamalın bizim komandada olması böyük üstünlükdür. Çünki, qapı xəttində rahatıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43